Məhkəmə qərarları › İş №e-2(060)-810/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-810/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-810/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Bank Standard” Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış 02 sentyabr 2014cü il tarixli 1xx/xx/122347/14 saylı kredit müqaviləsi üzrə 454 (dörd yüz əlli dörd) manat 69 (altmış doqquz) qəpik əsas borc, 301 (üç yüz bir) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu, 441 (dörd yüz qırx bir) manat 89 (səksən doqquz) manat məbləğində cərimə üzrə borcun gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 135 (yüz otuz beş) manat 66 (altmış altı) qəpik məbləğində, ümumilikdə isə 1333 (bir min üç yüz otuz üç) manat 61 (altmış bir) qəpik pulun və 33 (otuz üç) manat 34 (otuz dörd) qəpik məbləğində dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyətinin “Bank Standard” KB-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/122347/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 25% ödənilməsi şərti ilə 24 ay müddətinə 850 (səkkiz yüz əlli) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 1333 manat 61 qəpik məbləğində borcu qalmaqdadır. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyi, iddia ərizəsini nəzərdən keçirdib, iş materiallarını qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan QSC-nin “Bank Standard” KB-ı arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli 1xx/xx/122347/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə 850 (səkkiz yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25% dərəcəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğində kredit verilmişdir. İşdə olan Cavabdeh QSC “Bank Standart” KB-nın kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2014-cü il tarixli 1xx/xx/122347/14 saylı kredit müqaviləsi üzrə 454 (dörd yüz əlli dörd) manat 69 (altmış doqquz) qəpik əsas borc, 301 (üç yüz bir) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu, 441 (dörd yüz qırx bir) manat 89 (səksən doqquz) manat məbləğində cərimə üzrə borcun gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 135 (yüz otuz beş) manat 66 (altmış altı) qəpik məbləğində, ümumilikdə isə 1333 (bir min üç yüz otuz üç) manat 61 (altmış bir) qəpik təşkil edir. İş materiallarında olan 09 avqust 2019-cu il tarixli bildirişdən məlum olur ki, iddiaçı Cavabdeh borcun 3 gün müddətində Banka ödənilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 454, 69 manat əsas, 301 (üç yüz bir) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu məbləğində pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 (əlli) manat cərimə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ilə Qapalı Səhmdar Cəmiyyətinin “Bank Standard” Kommersiya Bankı arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli 1xx/xx/122347 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 454 (dörd yüz əlli dörd) manat 69 (altmış doqquz) qəpik əsas borc, 301 (üç yüz bir) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu, 40 (qırx) manat məbləğində cərimə üzrə borcun gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 135 (yüz otuz beş) manat 66 (altmış altı) qəpik məbləğində, ümumilikdə isə 931 (doqquz yüz otuz bir) manat 72 (yetmiş iki) qəpik pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 33 (otuz üç) manat 34 (otuz dörd) qəpik məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar