Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-823/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq X3 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 paylarına mütənasib qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 690,38 manat əsas, 5,36 manat faiz borcu olmaqla, cəmi 695,74 manat borcun, kart krediti üzrə 365,78 manat əsas, 141,54 manat faiz borcu olmaqla, cəmi 507,32 manat kredit borcunun və ödənilmiş 32,04 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-cu il tarixli, BPM**********73 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 22 %-lə, 24 ay müddətinə 1500 manat məbləğində nağd kredit verilmiş, illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 242910 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən miras əmlak ünvan 1 ünvanından yerləşən 4 otaqlı mənzildən ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 690,38 manat əsas, 5,36 manat faiz borcu olmaqla, cəmi 695,74 manat borcu, kart krediti üzrə 365,78 manat əsas, 141,54 manat faiz borcu olmaqla, cəmi 507,32 manat borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-29646/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32,04 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Tərəflərin mövqeləri:
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********73 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə illik bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən təyinatı üzrə istifadə etməyi, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür.
6. xx.xx.2020-ci il tarixli, BPM**********73 nömrəli çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC X1 24 ay müddətinədək illik 22 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilməsi ilə bağlı razılaşmış, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 15 noyabr 2020-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək müəyyənləşdirilmişdir.
7. xx.xx.2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, Azərbaycan Beynəlxalq Bankı» ASC ilə X1 36 ay müddətinədək illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xəttinin ayrılması ilə bağlı razılaşmışlar.
8. AZ-İİ 242910 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 2482 nömrə ilə qeyd edilmişdir.
9. 13.02.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4dur, onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X4 verilmiş **********00-05101-093083 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 78,3 kv.m, yaşayış sahəsi 51,3 kv.m, yardımçı sahəsi 27 kv.m, 4 otaqlı olan mənzildən ibarətdir.
10. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə nağd kredit və kredit kart müqaviləsi üzrə yaranmış öhdəliklərinin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X3 xx.xx.2020-ci il tarixli kredit müqavilələri üzrə cəmi 695,74 manat və 507,32 manat borcu vardır.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
17. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC X1 24 ay müddətinədək illik 22 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilməsi ilə bağlı razılaşmışdır. xx.xx.2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma ilə "xxxx" ASC ilə X1 36 ay müddətinədək illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xəttinin ayrılması ilə bağlı razılaşmışlar. X5 27 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə cavabdehlər X3 qanun üzrə vərəsələridir.
18. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
19. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilələr üzrə öhdəlik tam olaraq icra edilməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdehlər borclunun vərəsəsi olaraq mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın bank qarşısında borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.
20. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli, BPM**********73 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borclu olduğu 695,74 manat, xx.xx.2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma üzrə 507,32 manat pul vəsaiti onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.
21. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
23. Hazırki işdə cavabdehə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə borclu X2 miras qalmış əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X4 verilmiş **********00-05101-093083 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 78,3 kv.m, yaşayış sahəsi 51,3 kv.m, yardımçı sahəsi 27 kv.m, 4 otaqlı olan mənzildən ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.
24. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli, BPM**********73 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 690,38 manat əsas borc, 5,36 manat faiz borcu, xx.xx.2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma üzrə 365,78 manat əsas borc, 141,54 manat faiz borcu olmaqla, cəmi 1203 (min iki yüz üç) manat, 06 (altı) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat, 04 (dörd) qəpik pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə verilməlidir.
Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli, BPM**********73 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 690,38 manat əsas borc, 5,36 manat faiz borcu, xx.xx.2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma üzrə 365,78 manat əsas borc, 141,54 manat faiz borcu olmaqla, cəmi 1203 (min iki yüz üç) manat, 06 (altı) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat, 04 (dörd) qəpik pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva