Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-829/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 29.12.2017-ci il tarixli, ST27452 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 1948 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 1885 manat, cərimə borcu isə ona güzəşt olunaraq 796.22 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh müqavilə üzrə 1885 manat qalıq borcu, 796.22 manat cərimə borcu olmaqla, cəmi 2681.22 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 46.81 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, o, 29.12.2017-ci il tarixində “OPTİMAL ELEKTRONİKA MMC”-ə məxsus olan “TOSHİBA” mağazasından 1 ədəd TV VESTEL 4K ULTRA HD, 1 ədəd BLENDER BOSCH məhsulunu ilkin ödəniş 28 AZN ödəməklə 12 ay müddətinə kreditlə alması ilə əlaqədar olaraq iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi tərtib edilmiş və öhdəliklər müəyyənləşmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, müqayilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. O, BLENDER BOSCH markalı məişət texnikası olan televizoru kredit şərtilə almışdır. Həmin məişət əşyaları şirkət tərəfindən onun yaşadığı ünvana gətirilmiş, televizor ona evə girmədən, həyətdə işıq altında, cərəyana qoşaraq işlədiyini göstərərək, quraşdırılmadan təhvil verilmişdir. O, həmin şirkətin daimi müştərisi olduğu üçün onlara güvənib əşyaları quraşdırılmadan təhvil almışdır. Televizoru təhvil aldıqdan sonra onu evdə quraşdırarkən televizorun ekranının sol tərəfində qara kölgə olduğunu görmüşdür. Bu da məhsulda ciddi dərəcədə qüsur olduğunun göstəricisidir. Dərhal televizoru geri təhvil vermək üçün mağaza ilə əlaqə saxlamış, şirkət heç bir etiraz etməyərək məhsulu anbarlarına təhvil verməli olduğunu bildirmişdir. Yeni il bayramı ilə bağlı qeyri-iş günü olduğu üçün o, yararsız məhsulu 02.01.2018-ci il tarixində “OPTİMAL ELEKTRONİKA MMC” şirkətinə məxsus “TOSHİBA” mağazasına təhvil vermişdir. Bunu təsdiq edən 81 saylı müştəri qəbzi ona təqdim olunmuşdur. “BOSCH” markalı blenderin ödənişini isə tam etmişdir. Lakin 02.01.2018-ci il tarixində təhvil verdiyi məişət əşyası olan televizor əvəzinə ona yenisi və ya başqa məişət əşyası təqdim olunmamışdır. Adına olan müqavilə də ləğv olunmamışdır. Dəfələrlə “OPTİMAL ELEKTRONİKA MMC” şirkətinin səlahiyyətli nümayəndələri ilə telefon danışıqları etmiş, onlara olmayan əşya üçün necə və hansı əsasla ödəniş etməli olduğunu izah etmişdir. Bundan əlavə məişət əşyasının yenisi ilə təmin olunması və ya adına olan kredit (nisyə) satış müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinə olan etirazına hüquqi qiymət verilərək ona qarşı irəli sürülmüş “borcun tutulrması barədə” iddianın əsassız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddiasını qəbul etmir.Ona görə də, məhkəmədən iddia müddətinin tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.12.2017-ci il tarixli, ST27452 saylı nisyə satış müqaviləsi üzrə qalıq borcu 1885 manat, cərimə borcu isə müştəriyə 10% güzəşt olunaraq 796.22 manat olmaqla, cəmi 2681.22 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 29.12.2017ci il tarixli, ST27452 saylı nisyə alqı-satqı müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, Cavabdeh ilkin ödəniş 28 manat olmaqla, qalan məbləği 12 ay müddətinə hər ay 160 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMCdən 29.12.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş televizor və blenderi tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən 02.01.18-ci il tarixli müştərinin qəbzinə əsasən müəyyən edilir ki, TV Vestel 4K Ultra HD sol yuxarı tərəfdə kölgə olduğu üçün Cavabdeh təhvil vermiş iddiaçının nümayəndəsi Svetlana Məmmədova tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 29.12.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2017-ci il tarixli, ST27452 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1948 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. İddiaçı MMC 08.12.2022-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 29.12.2017-ci il tarixli, ST 27452 saylı nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc və cəriməni tələb edir. Cavabdeh isə məişət məhsulunu İddiaçı MMC-yə təhvil verməsi, ona şirkət tərəfindən yeni hər hansı məişət məhsulu verilməməsi və müddətin keçməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən müddətin keçməsi ilə bağlı Cavabdeh tərəfindən daxil olmuş ərizəyə münasibət bildirilməsi üçün İddiaçı MMC-nə məhkəmə bildirişi göndərilmiş, iddia tələbinə qarşı verilmiş etirazın araşdırılması üçün çəkişmə prinsipinə uyğun olaraq nümayəndəsinin iştirakının zəruriliyi diqqətə çatdırılmışdır. Buna baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməyərək, iddia müddətinin keçməsi ilə bağlı ərizəyə münasibət bildirməmiş, iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 29.12.2017-ci il tarixli, ST27452 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1948 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Cavabdeh məhsul qüsurlu olduğu üçün 02.01.2018-ci il tarixində “OPTİMAL ELEKTRONİKA MMC” şirkətinə məxsus “TOSHİBA” mağazasına geri qaytarmış, TV Vestel 4K Ultra HD sol yuxarı tərəfdə kölgə olduğu üçün Cavabdeh təhvil vermiş İddiaçı MMC-nin nümayəndəsi Svetlana Məmmədova tərəfindən təhvil alınmışdır. Həmin müddətdən sonra cavabdehə başqa məhsul verilməmiş, həmçinin Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış nisyə alqısatqı müqaviləsinin icra müddəti bitmiş və iddia müddəti başlanmış və 3 illik iddia müddəti 02 yanvar 2021-ci il tarixdə başa çatmışdır. İddiaçı MMC məhkəməyə qanunla nəzərdə tutulmuş müddət ərzində müraciət etməmiş, 08.12.2021-ci ildə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC Cavabdeh qarşı iddia tələbini qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirmədiyi üçün, iddia ərizəsi ilə tələb olunan məbləğ tutula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə aktına baxarkən yekun qərar çıxardanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə bilər.Bununla yanaşı birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir.Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələsində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydalarını pozmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarının intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanılmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir...Kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcələnin 373.2-ci maddəsində nəzerədə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.Mülki Məcəllənin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyəndirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır...” Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd olunan işin fakitiki və prosessual hallarına əsaslanaraq hesab edir ki, məhkəmə iclasında İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-829/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-829/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver