Məhkəmə qərarları › İş №e-2(060)-831/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-831/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-831/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Cavabdeh işirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 131 manat qalıq borc, 39,33 manat cərimə, cəmi 170,33 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9941/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04.02.2018-ci il tarixli, SQK02704 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 399 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasna dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, iddianı qəbul etmir, belə ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün müəyyən edilmiş iddia müddətini ötürdüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənə əsasən iddia rədd edilməlidir. Mülki materiallarında olan: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 04.02.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, “Satıcı” bu müqaviləyə əsasən, dəyəri 399 manat olan avadanlığı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyanı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, 06 ay müddətinə, hər ay üçün 67 manat (sonuncu ay 64 manat) ödəniş etmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh 04.02.2018-ci il tarixli müqavilə üzrə 06.12.2021-ci il tarixə 131 manat əsas, 39,33 manat cərimə, cəmi 170,33 manat borcu vardır. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə alıcı Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən nisyə alqı-satqı müqaviləsi 2018-ci il tarixdə, 06 ay müddətinə bağlanmış, müqavilənin müddəti 04 avqust 2018-ci il tarixdə bitmişdir. Həmin vaxtdan sonra cavabdeh tərəfindən bu nisyə alqı-satqı müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar