Məhkəmə qərarları › İş №e-2(060)-867/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-867/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-867/2022 07.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2532.67 manat əsas, 143.55 manat faiz borcu, 551.45 manat dəbbə borcu olmaqla, cəmi 3227.67 manat borcun və ödənilmiş 52.27 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə, illik 16%-lə 3.000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında 02.06.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kreditinin ayrılması və qaytarılması üçün borcalan müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalan dəfələrlə bu barədə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişdir. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 02.06.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 12 ay müddətinə, illik 16%-lə 3.000 manat məbləğində pul vəsaitini vermiş, borc alan isə götürülmüş pul məbləğini vaxtında qaytarmağı öz öhdəsinə götürmüşdür. - 09.12.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin 2532.67 manat əsas, 143.55 manat faiz borcu, 551.45 manat dəbbə borcu olmaqla, cəmi 3227.67 manat borcu vardır. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.06.2021-ci il tarixli kredit müqaviləsinin 4.8.7-ci bəndindən görünür ki, borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirilmədikdə bank kreditin dərhal vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh şəxsi məqsədləri üçün 12 ay müddətinə, illik 16%-lə nağd şəkildə istifadə olunmaqla 3.000 manat məbləğində kredit verilmiş və bununla bağlı iddiaçı ilə Cavabdeh arasında 02.06.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Nəticədə cavabdehin iddiaçıya 2532.67 manat əsas, 143.55 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddsəinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 02.06.2021-ci il tarixli kredit müqaviləsinin 4.8.7-ci bəndinin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 02.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 130 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan 10.000 manatadək olduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 52.27 manat dövlət rüsumunun 48.06 manat hissəsi tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2532.67 manat əsas, 143.55 manat faiz borcu, 130 manat dəbbə olmaqla, cəmi 2806.22 manat borc və ödənilmiş 48.06 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar