Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-870/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 manat pulun və 143 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17143 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi təxmini 7-8 il olar ki tanıyır, aralarında yaxın münasibətlər olmuş, rəfiqə olmaqla gediş gəlişləri olmuşdur. Şəhla Sumqayıt şəhərində Lombard açdığını, ona bu işdə köməklik etməyini və Lombardı şərikli işlədə biləcəklərini demişdir. O, cavabdehə inananaraq özünə və qızına məxsus olan qızılzinət əşyalarını sataraq ona ümumilikdə 17000 manat pul vermişdir. Lakin bir müddət keçdikdən sonra Şəhladan heç bir xəbər çıxmadığı üçün onun mobil telefonuna zəng edərək məsələnin nə yerdə qaldığını soruşduqda onunla şərikli işləməyi ona sərf etmədiyini bildirmiş və Lombard işinin də alınmadığını bəhanə edərək, evini banka girov qoyub onun pulunu qaytaracağını bildirmişdir. O, cavabdehlə razılaşaraq cavabdehin ona pul qaytaracağını gözləmiş, lakin ondan xəbər çıxmamış, o, yenidən ona zəng vuraraq pulunu qaytarmağı bildirmiş, lakin cavabdeh ona yenə zamana ehtiyac olduğunu bildirmiş və xahiş etmişdir ki, biraz da gözləsin. Lakin buna baxmayaraq o hər dəfə bəhanələr edərək pulunu qaytarmaqdan yayınmışdır. Daha sonra kimlərləsə lotoreya oynadığını pul toplayıb pulunu qaytaracağını bildirsə də bu günədək pulunu qaytarmamışdır. Bununla bağlı polisə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəli Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdilər. Belə ki, onlar cavabdehin əməlində dələduzluq əməlinin tərkibi olduğunu hesab edirdilər. Lakin həmin fakta bağlı cinayət işinin başlanılmasına xitam verilməsi barədə qərar qəbul edilib. Həmin qərardan tərəflərindən şikayət verilmiş və polis idarələrində həmin məsələlərə uzun müddət, 2024-cü ilədək baxılması davam etdirilmişdir. Cavabdeh Polis İdarəsində verdiyi izahatında borc pulu aldığını etiraf etmişdir. Bununla bağlı cavabdehin əlyazması da onlarda var. Həmin əlyazmanın əsli cinayət işinin materiallarındadır. Lakin həm polisdə, həm də məhkəmə iclasında cavabdeh borcu qaytardığını bildirmişdir. Bununla bağlı məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıdan anasının xəstəliyi ilə ələqədar 2011-ci ildə 16000 manat borca pul götürmüşdür. O, həmin pulun müqabilində iddiaçıya illərlə faiz ödəyib, bununla bağlı şahidləri var. O, ödənişləri 2011-ci ildən 2016-cı ilə qədər ödəyib. O, aldığı pulu iddiaçıya qaytarsa da, bununla bağlı heç bir yerdə qeydlər aparmayıb. Onu da bildirir ki, pulu nə zaman qaytaracağı barədə iddiaçı ilə aralarında heç bir razılaşma olmayıb.
6. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İşdə olan 2014-cü il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı 16000 manat borc pul götürmüşdür. 8.İşdə olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə nəzərdə tutulan dələduzluq cinayətinin tərkibi olmadığından faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 16000 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan bu məbləğdə pul aldığını qeyd edilən faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaqı zamanı ifadəsində etiraf etmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə borcu qaytardığını bildirərək iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 11.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 12.Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 13.Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2).
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehə 16000 manat borc versə də, tərəflər arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyasına göründüyü kimi borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanmalı idi.
15. Nəzərə alınsa ki, qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki Məcəllə, 329.1, 337.1) belə olan halda, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Çünki tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd qanunvericiliyin tələbinə görə etibarsızdır (əhəmiyyətsizdir). Etibarsız əqd də onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Buna görə də etibarsız borc müqaviləsi əsasında iddianın Mülki Məcəllənin borc müqaviləsini nizama salan norması ilə təmin edilməsi maddi hüquq normasının pozulması olmaqla əsaslı sayıla bilməz.
16. Hazırki işdə ortada bir etibarsız borc müqaviləsi olduğu və borc verilən pul əvəzedilən əşya olduğu üçün işin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanması faktı müzakirə edilə bilər. Etibarsız borc müqaviləsinin olması o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır.
17. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəllənin əsassız varlanmaya dair normalarıdır.
18. Əsassız varlanma institutunun məqsədi isə varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır.
19. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 16000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. 21.Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iddiaçıdan aldığı 16000 manat borcu qaytardığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 22.Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 24.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 26.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 16000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 143 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.
28. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
29. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı cavabdeh xeyrinə 16000 (on altı min) manat pul və 143 (bir yüz qırx üç) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva