Məhkəmə qərarları › İş №e-2(060)-878/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-878/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-878/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Bəşiri-X7 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC cavabdeh Bəşiri-X7 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bəşiri-X7 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd krediti üzrə 1293.83 manat əsas borc olmaqla, cəmi 1293.83 manat borcunun və ödənilmiş 32.94 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədəqətnaməçıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X10 oğlu arasında bağlanmış BPM**********46 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən X10 oğluna illik 14 faizlə 10 ay müddətinə 1620 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 309443 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X10 oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 1755 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsi əsasında 8V-26 reyestr nömrəli vərəsəlik işi açılmış və Cavabdeh BəşiriX7 vərəsəsi kimi tanınmışdır. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Bəşiri-X7 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 1293.83 manat əsas borc olmaqla, cəmi 1293.83 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32.94 AZN dövlət rüsumu və 0.4 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum Bəşiri-X6 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-33224/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə iddianı tam müdafiə edirlər. Əlavə olaraq, bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-900/2024 saylı, xx.xx.2024-ci il tarixli hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktında (üç ulduzlu qərar) məhkəmə kollegiyası göstərmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. (qərar ərizəyə əlavə olundu) Yuxarıda deyilənləri nəzərə alaraq, hava şəraiti ilə əlaqədar iştirak edə bilmədiklərindən məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və yekun məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə gəlməməsinin səbəbləri bardə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirərək iddia tələbini təmin edilməsini xahiş etmişdir. 6.Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Bəşiri-X7 vərəsəsi Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həyat yoldaşı 20 ildən çox müddətdə onlarla yaşamayıb. O, 20 il ərzində xaricdə olub və vəfat edib. Yoldaşının vəfat etməsinə dair heç bir sənəd almayıblar. Sadəcə olaraq onun rəhmətə getdiyini eşitdikdən sonra yoldaşının adına hər hansı əmlak və ya pensiya olması ehtimalı ilə Notariusa və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. Sonra isə hər hansı miras əmlakın olmadığını öyrəniblər.

7. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" ASC ilə X10 oğlu arasında bağlanmış BPM**********46 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Bank tərəfindən X10 oğluna, 10 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 1620 manat məbləğində kredit verilmişdir. 9.İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-ci il tarixə Bəşiri-X7 "xxxx" ASC-yə BPM**********46 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 1293.83 manat borcu mövcuddur. 10.İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh Bəşiri-X7 vərəsəsi Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. 11.İşdə olan AZ-İİ 309443 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 oğlu xx.xx.2023-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 417 nömrə ilə qeyd edilmişdir. 12.İşdə olan Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin 3098 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası Bəşiri- X6 miras qalmış əmlaka şəhadətnamə verilməsi ilə bağlı Sumqayıt şəhər 1 saylı notariat ofisinə xx.xx.2023-cü il tarixdə 1755 reyestr nömrəli ərizə ilə müraciət etmişdir, lakin hər hansı miras əmlak olmadığı üçün ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. 13.İşdə olan Sumqayıt şəhər Bələdiyyəsinin 41 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bəşiri-X7 xx.xx.2023-cü il tarixində vəfat edən günə qədər ailə üzvləri kimi Cavabdeh və X2 qızı qeyd edilmişdir. 14.İş materiallarında olan V-JQ 373564 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 oğlu və X1 xx.xx.1995-cı il tarixdə Sumqayıt şəhər Corat qəsəbə nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 18 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Bəşiri-Əsli soyadı verilmişdir. 15.İşdə olan AZ-İ 141103 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası X10 oğlu və anası X2 qızıdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X10 oğlu ilə "xxxx" ASCarasında BPM**********46 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2023-cü ildə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

18. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

19. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).

21. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

22. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

23. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. 24.Belə ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

25. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. 27.Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 28.Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. 29.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir.

30. Məhkəmə hesab edir ki, hazırki halda vərəsə - Cavabdeh miras qoyan Bəşiri-X7 borclarının mirasdan çox olduğunu sübut edə bilmişdir.

31. Belə ki, bu hal Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin 3098 saylı, xx.xx.2024-cü il tarixli arayışı ilə öz təsdiqini tapmışdır. Həmin arayışın məzmunundan isə görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası Bəşiri-X6 miras qalmış əmlaka şəhadətnamə verilməsi ilə bağlı Sumqayıt şəhər 1 saylı notariat ofisinə xx.xx.2023-cü il tarixdə 1755 reyestr nömrəli ərizə ilə müraciət etsə də, hər hansı miras əmlak olmadığı üçün ona vərəsəlik şəhadətnaməsi verilməmişdir.

32. Göründüyü kimi, hər hansı miras əmlakın olmaması notarius tərəfindən verilən müvafiq arayışla təsdiqlənmişdir.

33. Məhkəmə onu da qeyd edir ki, həmin arayışın siyahı formasında tərtib olunmamasının vərəsənin ziyanına şərh edilməsi Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipinə zidd olmaqla cavabdehin hüquqlarının həddən artıq məhdudlaşdırılmasına səbəb ola bilər.

34. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə sübutlar təqdim etməklə hazırki iş üzrə daşıdığı sübutetmə yükünün öhdəsindən gəlmişdir.

35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Bəşiri-X7 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair iddia tələbi təmin edilməməlidir.

36. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçıya ödənilməlidir.

37. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

38. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı "xxxx" ASC-nin cavabdeh Bəşiri-X7 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar