Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-894/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması tələbinə dair mülki işə məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 419A saylı evə istifadə hüququnun tanınması və hazırki iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Paşayev Məmləkət Almaz qızının əmlakları ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 419A saylı evdən çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4119/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət olunmuşdur. Həmin qətnamə ilə razı olmadığına görə sözügedən qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Hazırda apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən icraata qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-4119/2023 saylı mülki işlə bağlı məlumatı olmadığına görə, həmin vaxtı yaşayış sahəsinə istifadə hüququnun tanınması ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. Ona görə də, hazırda subyektiv hüququndan istifadə edərək, Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 4119/2023 saylı qətnaməsindən göründüyü kimi Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 419A saylı evə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində qeydə alınmış və cavabdeh xx.xx.2002-ci il tarixindən həmin mənzildə qeydiyyatdadır. Hazırki mənzil üzərində cavabdehin mülkiyyətə hüququ dövlət qeydiyyatına alınmamışdan əvvəl mənzil cavabdehin atası X3 məxsus olmuşdur. X5 isə onun ərinin qardaşı oğludur. O, həmin mənzilə cavabdehin atası X1 razılığı ilə keçmişdir. Ona görə də, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 419A saylı yaşayış sahəsinə onun istifadə hüququ tanınmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, iddia əsassızdır və bu səbəbdən iddia təmin edilməməldir. Belə ki, iddiaçı cavabdehin ailə üzvü deyildir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının mübahisəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət olunmuşdur. O, eyni zamanda qeyd etdi ki, iddiaçı 2016-cı il tarixdən mübahisəli evdə yaşamağa başlamışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır, o, Corat qəsəbəsi, ev 358a ünvanında qeydiyyatdadır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbi təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli, üç nəfərin iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 358a ünvanında qeydiyyatda olsa da 2016-cı il tarixdən Corat qəsəbəsi 419A ünvanında qeydiyyatsız yaşayır. - Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X4, X6 və X7 paylı mülkiyyət üzrə onlara məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.8 kv/m olan fərdi yaşayış evinin onların hər birinə məxsus ¼ hissəsini Cavabdeh bağışlamış, müqavilə Sumqayıt şəhər 3 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 4Ə-1481 saylı qeydiyyat aparılmışdır. - Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.8 kv/m olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi **********56-10301 reyestr nömrəsi ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin əmisinin həyat yoldaşıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının sözügedən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Mübahisəli fərdi yaşayış evi üzrə mülkiyyət hüququ əvvəl cavabdehin atası X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Sonra xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Həsənağa Paşayevin övladları İradə Cabarova, Çingiz Paşayev və Mehman Paşayev fərdi yaşayış evinin onların hər birinə məxsus ¼ hissəsini caavbdeh Cavabdeh bağışlamışlar. Hal-hazırda sözügedən evin mülkiyyətçisi xx.xx.2022-ci il tarixdən Cavabdehdur. İddiaçı mübahisəli evdə pasport qeydiyyatında deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Qərardan görünür ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən şəxsin əmisinin həyat yoldaşı qarşısında aliment öhdəlikləri daşıması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisəli evdə 2016-cı ildən yaşamağa başladığından, eləcə də cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş ailə üzvü və digər qohumu olmadığından mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələri tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarının məzmunundan və sadalanan maddi hüquq normalarının təhlilindən görünür ki, istər 2009cu ilin oktyabrın 1-dək, istərsə də, həmin tarixdən sonra yaranmış, lakin mülkiyyətçinin ailə üzvü və digər qohumu olmayan şəxsin yaşayış sahəsinə istifadə hüququ ilə bağlı yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir. Çünki, mübahisəli hüquq münasibəti göstərilən tarixdən sonra yaransa da, iddiaçı mülkiyyətçi – cavabdehin ailə üzvü və digər qohumu olmadığından mübahisənin həlli Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin təsiri altına düşmür. Belə olduqda göstərilən şəxslərin yaşayış sahəsinə istifadə hüququ yalnız mülkiyyətçi ilə notariat qaydasında bağlanmış müvafiq müqavilə əsasında yarana bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı evin mülkiyyətçisinin (cavabdehin) qanunvericilikdə müəyyən edilmiş ailə üzvləri və digər qohumu dairəsinə mənsub olmadığından, eləcə də onun mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun mübahisəli evdən istifadə hüququ mövcud deyildir. Odur ki, iddia əsassızdır. Həmçinin, məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələb evə istifadə hüququnun tanınmasına dair əsas tələbdən törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı onun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 419A saylı evə istifadə hüququnun tanınması və hazırki iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-894/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-894/2024
30.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver