Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-926/2025 06.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı MMC-nin təsisçisi X1, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə mövcud borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə mövcud borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus BMW 528 minik markalı, 77- KP-999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh tərəfindən vurulmuş ziyana görə 3940 (üç min doqquz yüz qırx) manat, 14 iyul 2024-cü tl tarixli, 463/24 nömrəli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi"nin 4.8-ci bəndin tələblərini pozaraq 10 dəfə ani surət və ani tormoz verərək qəza şəraiti yaratdığına göra 500 (beş yüz) manat, həmin müqavilənin 2.2.4, 4.3 və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozduğuna görə müqavilə ilə nəzərdə tutulan 2000 (iki min) manat məbləğin, ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun, ümumilikdə isə 6520 (altı min beş yüz iyirmi) manat məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə vəsatət təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənnədlərin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavİlə üzrə mövcud olan borcun tutulmasını xahiş etmişdir. Aşağıdakılara əsasən belə hesab edir ki, iddia ərizəsi AR MPM-nin 152.1. maddəsinə əsasən geri qaytanlmalıdır. Beləki, AR MPM-nin 152.1.1.maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsı geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının VÖEN məlumatları, eləcə də cavabdehin şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN nömrəsi iddia ərizəsində qeyd edilməmişdir. AR MPM-nin 149.2.2. maddəsinə əsasən isə bu məlumatlann göstərilməsi vacibdir. Belə olan təqdirdə iddia ərizəsi geri qaytarılmalıdır. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddia ərizəsi birbaşa olaraq MMC-nin hüquqşünası tərəfindən imzalanmış və iddia ərizəsinə onun həmin şirkətin hüquqşünası olmasını təsdiq edən əmrin surəti və əmək müqaviləsinin surəti əlavə edilməmişdir. Eləcə də, etibarnamənin məzmunundan aydın olur ki, nümayəndəyə MMC-nin adından iddia ərizəsi vermək və onun adından iddia ərizəsini imzalamaq etibar edilib. İddia ərizəsi MMC-nin adından verilsə də, imzalanma MMC-nin adından deyil, birbaşa nümayəndənin öz adından aparılmışdır. Belə ki, nümayəndə iddia ərizəsinin sonunda birbaşa öz adını deyil, MMC-nin nümayəndəsi olaraq adını qeyd etməli ıdi. Bu hal da iddia ərizəsinin geri qaytarılmasın tələb edir. Eyni zamanda, iddiaçının təqdim etdiyi müqavilənin 5.14.maddəsinə əsasən, tərəflər arasındakı bütün narazılıqlar bir qayda olaraq danışıqlar yolu ilə həll olunur. Bu tələbə əsasən iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət etməli idi. Amma iş materiallarından görünür ki, iddiaçı bu barədə cavabdehə pretenziya ilə müraciət etməmişdir. Bu hal isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Belə ki, AR MPM-nin 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mühahisənin məhkəməyə qədər(pretenziya) nizama salınmasına riayət edilməsinə dair sanəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil vəsatətə uyğun izahat verərək vəsatəti müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia ərizəsi səlahiyəti olmayan şəxs tərəfindən imzalanıb. Belə ki, iddia ərizəsi hüquqi şəxs tərəfindən verildiyi halda ərizə hüquqi şəxsin işçisi və ya vəkili tərəfindən imzalanmalıdır. Hazırkı ərizə isə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış və nəticədə mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də hesab edir ki, vəsatət tam əsaslıdır, təmin edilməlidir və iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iclasında özünü İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi kimi təqdim edən Nümayəndə bildirdi ki, vəsatət əsasızdır və formal xarakter daşıyır. Cavabdehin belə bir vəsatətlə məhkəməyə müraciət etməkdə yeganə məqsədi məhkəmə prosesini uzatmaqdır. O hal-hazırda İddiaçı MMC-nin işçisi deyil. Lakin onunla bağlanmış əmək müqaviləsi ilə bağlı bildiriş bu gün sistemə yerləşdiriləcək. Nümayəndə bu halın və hazırda təsisçinin məhkəmə iclasında şəxsən iştirak etdiyinin nəzərə alınmasını və vəsatətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin təsisçisi X2 bildirdi ki, o, təsisçi olaraq hazırkı məhkəmə iclasında iştirak edir. Hesab edir ki, vəsasət əsassızdır və rədd edilməlidir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəlləninn 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsi məhkəməyə İddiaçı MMC tərəfindən verilsə də, iddia ərizəsi səlahiyyəti olmayan şəxs - İddiaçı MMC-nin hüquqşünası kimi Nümayəndə tərəfindən imzalanmışdır. Halbuki iddia ərizəsinə Nümayəndə İddiaçı MMC-nin işçisi (hüquqşünası) olması barədə hər hansı bir sənəd (əmək kitabçası, əmək müqaviləsi bildirişi) əlavə edilməmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından da görünür ki, Nümayəndə hal-hazırda İddiaçı MMC-də deyil, "xxxx" MMCdə hüquqşünas vəzifəsində işləyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə mövcud borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə mövcud borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-926/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-926/2025
06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver