Məhkəmə qərarları › İş №e-2(060)-927/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-927/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-927/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 06 oktyabr 2021 il tarixli, 200799-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 4306,04 manat əsas borc və 608,09 manat faiz borcu olmaqla, cəmi 4914,13 manat borcun və 03 dekabr 2021-ci il tariхli, 200804-612372/5 nömrəli kredit müqaviləsi üzrə 6099,01 manat əsas borc və 2420,29 manat faiz borcu olmaqla, cəmi 8519,3 manat borcun və 130,30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli, 200799-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən illik 20 faiz dərəcəsi ilə, 24 ay müddətinə kredit xətti açılmışdır. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 dekabr 2021-ci il tariхli, 200804-612372/5 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 41 ay müddətinə, illik 16.9% dərəcəsi ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. 06 oktyabr 2021-ci il tarixli, 200799- PC********** nömrəli kredit xətti müqaviləsinin 3.2-ci bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq növbəti 12 və ya 24 ay üçün annuitet (aylıq bərabər) ödənişli forması ilə olan kreditə çevrilir və bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Borclu tərəfindən imzalanmış müqavilənin 3.2-ci bəndinin tələbinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 günədək gecikdirilməsinə görə 06 oktyabr 2021-ci il tarixli kredit xətti müqaviləsi 17 oktyabr 2023-cü il tarixdə qalıq borc məbləği (əsas borc, faiz və cərimə) kapitallaşdırılaraq 5231,80 manat avtomatik olaraq növbəti 24 ay üçün annuitet (aylıq bərabər) ödənişli kredit məbləğinə çevrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 06 oktyabr 2021-ci il tarixli, 200799- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 21 noyabr 2024-cü il tarixinə cavabdehin 4306,04 manat əsas borc və 608,09 manat faiz borcu olmaqla, cəmi 4914,13 manat məbləğində kredit bоrcu yaranmışdır. 03 dekabr 2021-ci il tariхli, 200804-612372/5 nömrəli istehlak krеditi müqaviləsinə üzrə 21 noyabr 2024-cü il tarixinə cavabdehin 6099,01 manat əsas borc və 2420,29 manat faiz borcu olmaqla, cəmi 8519,3 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqavilələrin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Tərəflərin mövqeləri:

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin sözügedən iş üzrə xx.xx.2023-cü il tarixdən bu vaxtadək heç bir ödəniş etmədiyini bildirmiş və iddia tələbini müdafiə edərək işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, əvvəllər ödənişlər etsə də, 2024-cü ilin aprel ayından işdən çıxdığı üçün ödənişləri etməyi dayandırmışdır. Hal-hazırda rəsmi olaraq işsizdir. Ona görə də ödənişləri ödəyə bilmir.

Tədqiq olunan sübutlar:

5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-ci il tariхli, 200799-PC********** nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank borcalana 5000 manat məbləğində kredit xətti açmağı, borcalan isə müqavilə ilə müəyyən olunan şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini, habelə kredit xəttindən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2021-ci il tariхli, 200804-612372/5 nömrəli kredit müqaviləsindən görünür ki, bank 15000 manat məbləğində pul vəsaitini 41 ay müddətinə illik 16,9 faizlə borcalana kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 16,9 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.

7. 03 dekabr 2021-ci il tariхli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, müqavilə üzrə ödənişlərin icra edilməsi müddəti 03 yanvar 2022-ci il tarixdən 03 may 2025ci il tarixədək müəyyən edilmişdir.

8. 03 dekabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 15000 manat məbləğində kredit vəsaitini qəbul etmişdir.

9. 04.11.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən cavabehdən müqavilələr üzrə yaranmış borcun 7 gün müddətindən gec olmayaraq banka ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. İddiaçı ASC tərəfindən tərtib edilmiş 21 noyabr 2024-cü il tarixli maliyyə arayışlarında qeyd olunmuşdur ki, Cavabdeh 21 noyabr 2024-cü il tarixə 06 oktyabr 2021-ci il tariхli kredit müqaviləsi üzrə 4306,04 manat əsas borc, 608,09 manat faiz borcu olmaqla, cəmi 4914,13 manat borcu, 03 dekabr 2021-ci il tariхli kredit müqaviləsi üzrə 6099,01 manat əsas borc, 2420,29 manat faiz borcu olmaqla, cəmi 8519,3 manat borcu vardır.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:

- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 06 oktyabr 2021-ci il tariхli kredit xətti müqaviləsi əsasında bank borcalana 5000 manat məbləğində kredit xətti açmağı, borcalan isə müqavilə ilə müəyyən olunan şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini, habelə kredit xəttindən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə tərəflər arasında 03 dekabr 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank 15000 manat məbləğində pul vəsaitini 41 ay müddətinə illik 16,9 faizlə borcalana kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 16,9 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.

17. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

18. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilədə qeyd olunan məbləği cavabdehə vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh borc məbləğini qəbul etdiyini bildirmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

21. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

22. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 06 oktyabr 2021-ci il tariхli, 200799-PC********** nömrəli müqavilə üzrə 4306,04 manat əsas borc, 608,09 manat faiz borcu, 03 dekabr 2021-ci il tariхli, 200804-612372/5 nömrəli müqavilə üzrə 6099,01 manat əsas borc, 2420,29 manat faiz borcu olmaqla, cəmi 13433 (on üç min dörd yüz otuz üç) manat, 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (yüz otuz) manat, 30 (otuz) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 06 oktyabr 2021-ci il tariхli, 200799-PC********** nömrəli müqavilə üzrə 4306,04 manat əsas borc, 608,09 manat faiz borcu, 03 dekabr 2021-ci il tariхli, 200804- 612372/5 nömrəli müqavilə üzrə 6099,01 manat əsas borc, 2420,29 manat faiz borcu olmaqla, cəmi 13433 (on üç min dörd yüz otuz üç) manat, 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (yüz otuz) manat, 30 (otuz) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar