Məhkəmə qərarları › İş №e-2(060)-973/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-973/2024

15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-973/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə, xx.xx.2022-ci il tarixdə 1845N saylı, akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanın kabel şəbəkəsindən xx.xx.2022-ci il tarixdə ayrılmışdır. Sözügedən mənzilin kabel şəbəkəsindən ayrıldığı xx.xx.2022-ci ildən qanunsuz qoşulma barədə tərtib olunan xx.xx.2022-ci il tarixli, 1845 N saylı aktın tərtib olunma tarixinədək olan müddət 125 gün təşkil edir. Bir günlük abunə haqqının 33 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 41.25 manat təşkil edir. Belə olan halda hesab edir ki, yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx"MMC-yə maddi ziyan vurulmuşdur. "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat pul ödəyir. Ödənilən dövlət rüsumu 30 (otuz) manat, bank xidməti haqqı isə 0.40 (qırx) qəpik təşkil edir. Beləliklə, Cavabdeh "xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 121.65 manat (50+30.40+121.65 manat) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 41.25 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətin göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik məbləğində bank xidmət haqqının, cəmi 121.65 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. 29 yanvar 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə mənzil almışlar. Yalnız internetə görə ödəniş etmişlər. Müqavilə ona görə bağlanmışdır. Onlar da iddia edir ki, bir şunur divara keçib və onunla əsaslandırıb onlara qarşı iddia irəli sürüblər ki, qanunsuz qoşulma halı vardır. Onlar müqaviləni iyul ayında bağlamışlar. Videoçəkiliş də vardır. Onların evinə heç bir şunur keçmir. Onlar deyəndən sonra gedib-baxmışdır. Çöldə şunur vardır. Lakin mənzilə daxil olmur. Əvvəlki sakin demişdir ki, internet kabeldən istifadə etmişlər. Lakin onların krosnu antenaları vardır. Ona görə də ehtiyac yoxdur. Famil də onun qardaşıdır. Kəskin şizofren xəstəsidir. O da müqavilə bağlamamışdır. Mənzilin sahibi deyildir. Buna görə də müraciət etmişdir. Deyiblər ki, anlaşmazlıq olmuşdur. 26 fevral 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, İddia tələbini qəbul etmir. O, xidməti müqavilə ilə çalışır. Hər dəfə işdən icazə alıb gələ bilmir. O, iddiaçı müəssisənin videogörüntüsünə baxmışdır. Onlar iddia edirlər ki, qanunsuz qoşulmuş şəbəkə xətti onların mənzilinə gedir. O isə iddia edir ki, həmin qanunsuz qoşulmuş şəbəkə onların mənzilinə getmir. O, iddiaçı müəssisə ilə müqavilə bağlamışdır. Ərazi üzrə nəzarətçi də bildirmişdir ki, səhv olmuşdur. O, evi təmir etdirmiş, çöldə olan kənar xəttin onun mənzilinə aidiyyatı yoxdur. Nə ilə sübur olunur ki, həmin qanunsuz xətt onun mənzilinə daxil olur? O, krosnu-antenadan istifadə etdiyi halda nəyə görə SN TV-dən də istifadə etməlidir? Qardaşı bildirmişdir ki, SN TV-dən istifadə edirlər. Lakin o, bilməmiş nəyə imza etmişdir. Əgər iddiaçı müəssisənin əməkdaşları görürsə ki, krosnu qoşulub, niyə SN TV-yə qoşulmalıdırlar? O, internetlə bağlı iddiaçı müəssisə ilə müqavilə bağlamış, lakin televizora görə müqavilə bağlamamışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən qrafik üzrəində 50 manat məbləğində ödəniş olunmalıdır. Həmin zamandan sonra baxış keçirilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" Hüquq Şirkəti tərəfindən "xxxx" MMC-nin “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulmaların aşkar edilməsi haqqında 1845 nömrəli aktdan görünür ki, 14 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 32A/78 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 35 saylı mənzilin sakini tərəfindən “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döymüş və qapını həmin mənzildə qalan şəxs açmışdır. Televizorun qoşulduğunu etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Osmanov Elman Qafil oğlu Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 32A/78 ünvanında yerləşən mənzilin ona məxsus hissəsindən tam hissədə Cavabdeh mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İşin məhkəmə iclasında tədqiq olunan hallarından, iddiaçının nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən olunur ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Cavabdeh məxsus ünvan 2 ünvanının “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulduğu aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə vurulmuş zərərin əvəzi olaraq 41.25 manat məbləğində pul tutulmalı, o cümlədən, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskində olan videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, həmin çəkilişlər ev təmir olunduqdan sonra olan çəkilişdir. Həmin çəkilişdən kənar xəttin də daxil olması ümummiyətlə müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsindən görünür ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əsasən, məhkəmədə hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı və nümayəndənin göstərdiyi hüquqi yardıma görə 50 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 41.25 manat abunə haqqı qismində vurulmuş zərər, 50 manat hüquqi yardımın göstərilməsi ilə bağlı, cəmi 91.25 manat məbləğində pul, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 xidmət haqqı tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 41.25 manat abunə haqqı qismində vurulmuş zərər, 50 manat hüquqi yardımın göstərilməsi ilə bağlı, cəmi 91.25 (doxsan bir manat iyirmi beş qəpik) manat məbləğində pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutulub iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar