Məhkəmə qərarları › İş №e-2(061)-1719/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1719/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1719/2025 14.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması barədə” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 490,06 manat, faizə görə 9,79 manat, 39,15 manat komissiya və cəriməyə görə 363 manat olmaqla, cəmi 902 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********003 saylı mikrokredit müqaviləsinə əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə, illik 60,85% ödəmək şərti ilə 590 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya əsas borca görə 490,06 manat, faizə görə 9,79 manat, 39,15 manat komissiya, cəriməyə görə 363 manat olmaqla, cəmi 902 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn şərtlərə əməl etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan reyestrdən görünür ki, məhkəmə bildirişi cavabdehin ünvanına göndərilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərilməmişdir. Məhkəmə, cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********003 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2024cü il tarixində, illik 60,85% ödəmək şərti ilə 590 manat məbləğində məbləğində krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanmış faizləri müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 mart 2024-cü il tarixli **********003 saylı kredit müqaviləsinə əsasən banka olan əsas borcu 490,06 manat, faiz borcu 9,79 manat, komissiya 39,15 manat, cərimə borcu 363,0 manat olmaqla, cəmi borc 902 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə dövlət rüsumuna görə 30,0 AZN pul ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki,cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Mcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəməişin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq və yuxarıda qeyd olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsas kredit borcu, faiz borcu, komissiya tələbi və dövlət rüsumu tələbinə dair hissədə tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 490,06 manat təşkil etdiyi halda, ondan 363 manat məbləğində tələb olunan cərimə (dəbbə) tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi cəriməyə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borca görə 490,06 manat, faizə görə 9,79 manat, komissiya görə 39,15 manat və cəriməyə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 30,0 manat məbləğində pul tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia təmin edilməməliddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 490,06 manat, faizə görə 9,79 manat, komissiya 39,15 manat, cəriməyə görə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 30,0 AZN məbləğində pul tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Tahir Qubadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar