Məhkəmə qərarları › İş №e-2(061)-20/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-20/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-20/2025 10.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borca görə 9888,91 manat, faiz borcuna görə 1203,63 manat, cəriməyə görə 3713,20 manat, icranın gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə 13,73 manat, cəmi 14.819,47 manat məbləğində pulun və 134,46 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC -yə ödənilməsini və 28 iyun 2022-ci il tarixli, 001/GM/112/5262218 saylı girov müqaviləsinə əsasən yüklülük predimetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 1№ akta əsasən biznes avandanlıqları olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyektinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə baxış iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, 112/5262218-KM saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faiz dərəcəsi ilə, 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq tərəflər arasında 28 iyun 2022-ci il tarixli, 001/GM/112/5262218 saylı girov müqaviləsi imzalanmış, həmin girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1ində yerləşən biznes avandanlıqları Banka girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının əlavə təminatı kimi iddiaçı ilə digər Cavabdeh2 arasında 28 iyun 2022-ci il tarixli, ***-*******-ZM saylı zaminlik müqaviləsi bağlanmış və o, Cavabdeh1 öhdəliyinin icrasına görə onunla birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. İddiaçı öhdəliyinə əməl etsə də, cavabdeh öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka əsas borca görə 9888,91 manat, faiz borcuna görə 1203,63 manat, cəriməyə görə 3713,20 manat, icranın gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə 13,73 manat, cəmi 14.819,47 manat məbləğində borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi tələb olunsa da, cavabdeh borcun könüllü ödənişini təmin edilməmişdir. İşdə olan 28 iyun 2022-ci il tarixli, 112/5262218-KM saylı kredit müqaviləsindən və müqavələyə əlavədən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı Cavabdeh1 illik 24 faiz dərəcəsi ilə, 24 ay müddətinə, 30.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə, hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, 001/GM/112/5262218 saylı girov müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan 01 saylı əlavədən görünür ki, kredit öhdəliyin icrasının təminatı kimi cavabdehə məxsus olan, ünvan 1ində yerləşən biznes avandanlıqları - likvid dəyəri 30.000 manat, bazar dəyəri 40.000 manat müəyyən edilməklə iddiaçının xeyrinə girov qoyulmuşdur. İşdə olan İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, ***-*******-ZM saylı zaminlik müqaviləsindən görünür ki, o, Cavabdeh1 28 iyun 2022-ci il tarixli, 112/5262218-KM saylı kredit müqaviləsi üzrə Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borcu 9888,91 manat, faiz borcu 1203,63 manat, cərimə borcu 3713,20 manat, icranın gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə 13,73 manat, cəmi 14.819,47 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə dövlət rüsumuna görə 135 manat ödəmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/8139 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 28 iyun 2022-ci il tarixli, 112/5262218-KM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə banka əsas borc üzrə 9852,79 manat, faiz borcu üzrə 1234,88 manat, cəmi 11.087,67 manat borcu olması müəyyən edilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəməmühasibatlıq ekspertizasplarının ümumi dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılan iddia ərizəsi və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, 112/5262218-KM saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faiz dərəcəsi ilə, 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq tərəflər arasında 28 iyun 2022-ci il tarixli, 001/GM/112/5262218 saylı girov müqaviləsi imzalanmış, həmin girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1ində yerləşən biznes avandanlıqları Banka girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının əlavə təminatı kimi iddiaçı ilə digər Cavabdeh2 arasında 28 iyun 2022-ci il tarixli, ***-*******-ZM saylı zaminlik müqaviləsi bağlanmış və o, Cavabdeh1 öhdəliyinin icrasına görə onunla birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. İddiaçı öhdəliyinə əməl etsə də, cavabdeh öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka əsas borca görə 9888,91 manat, faiz borcuna görə 1203,63 manat, cəriməyə görə 3713,20 manat, icranın gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə 13,73 manat, cəmi 14.819,47 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8139 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı ASC-yə olan faiz borcu iddia ərizəsində göstərilənlərdən fərqlidir. Belə ki, iddia ərizəsində cavabdehin faizə görə 1203,63 manat borcu olduğu göstərilsə də, ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, cavabdehin faiz borcu 1234,88 manat təşkil edir. İddia ərizəsində göstərilən və müdafiə edilən faiz borcu ilə məhkəmə prosesinin gedişində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunmuş faiz borcu arasındakı fərqə gəlincə məhkəmə hesab edir ki, verilmiş kredit və ona hesablanan faiz məbləğləri iddiaçının mülkiyyətidir. İddiaçı öz mülkiyyətinə başqalarının hüququna toxunmadan öz istədiyi kimi sərəncam verə bilər. Hazırkı halda iddiaçının məhkəməmühasibatlıq ekspertizasının müəyyən etdiyi əsas faiz məbləğındən az miqdarada pul tələb etməsi iddiaçının hüququna aid olan məsələdir. Belə ki, mülki prosesual qanunvericiliyə əsasən məhkəmələrdə mülki işlərin başlanması, iddia tələbinin həcminin artırılması və azaldılması, iddia tələbindən tam və ya qismən imtina etmək, mübahisənin barışıq sazişi ilə bitirmək iddiaçının sərəncamı ilə mümkün olduğundan məhkəmə hesab edir ki, iddiaçının iddia tələbini dəyişdirmədən hazırkı vəziyyətdə, yəni iddia ərizəsində göstərilən tələblər çərçivəsində iddianı müdafiə etməsi hüquqa zidd deyildir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı normaları tətbiq edilməlidir. Həmçinin tərəflər arasında mövcud olan borc münasibəti zaminlik və girovla təmin olunduğundan hazırkı münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin həm də zaminlik və girovla bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqaminda malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmçinin kredit öhdəliyinin icrası girovla təmin edildiyindən tutma Cavabdeh1 məxsus girov qoyulmuş ünvan 1ində yerləşən biznes avandanlıqlarına yönldilməli, həmin biznes avandanlıqları likvid dəyəri 30.000 manat, bazar dəyəri 40.000 manat müəyyən edilməklə satılmalı və satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borcunun ödənilməsi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyinin icrasına görə iddiaçı qarşısında birgə məsuliyyət daşımalı və həmin müqavilə üzrə ödənilməsi qət edilən məbləğ onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilməli olan məhkəmə xərcləri (dövlət rüsumu və ekspertiza xərci) iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, (12.170,15 manat (qət edilən məbləğ) x 100 : 14.819,47 manat (iddia olunan məbləğ) = 82.12%; 82.12% x 134,46.50 AZN (ödənilmiş dövlət rüsumu) : 100 = 110.41 manat) iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumuna görə 110,41 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə isə iddiaçıya aid edilməlidir. O cümlədən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə ödənilməli olan 100 manat puldan 82,12 manat məbləğində hissəsi Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada, 17,88 manat hissəsi isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 9852,79 manat, faizə görə 1203,63 manat, cəriməyə görə 1100 manat, cəmi 12170,15 manat borc və dövlət rüsumuna görə 110,41 manat pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 məxsus girov qoyulmuş, Tərtər rayonunun Bayandur kəndində yerləşən, 1№-li akta əsasən biznes avadanlıqları olan daşınar əmlaka yönəldildilsin, girov qoyulan biznes avadanlıqlarının likvid dəyəri 30000 manat, bazar dəyəri 40000 manat müəyyən edilməklə satılsın və satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan qalıq borcunun ödənilməsi təmin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə ödənilməli olan 100 (bir yüz) manat puldan 82,12 manat məbləğində hissəsi Azərbaycan Respublikası MPM-nin 124.1ci maddəsinə əsasən müştərək qaydada cavabdehlərdən, 17,88 manat hissəsi isə iddiaçıdan tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar