Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1004/2025 07.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, BOKT "xxxx" MMC-nin cavadeh Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC Cavabdeh2 14 ay müddətinə illik 34.2 faiz ödəmək şərtilə 600 manat məbləğində kredit vermiş, borcalan krediti ödəməyi öhdəsinə götürmüşdür. BOKT "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində öz üzərinə zamin qismində məsuliyyət götürmüşdür. İddiaçı BOKT "xxxx" MMC cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 373.55 manat əsas, 26 manat faiz, cəmi 399.55 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən, Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh1 münasibətdə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, borcverən kredit versə də, borcalan müqavilə öhdəliyini lazimi qaydada icra etməmiş, beləliklə icra edilməmiş borcu yaranmışdır. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən artıq qanunla zaminliyə xitam verilmişdir. Belə olduğu halda iddiaçı zaminə qarşı iddia sürməkdə haqlı deyildir. Normanın məzmunundan göründüyü kimi müddət təyin edilmədikdə, iddiaçı zaminlik müqaviləsinin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddia irəli sürə bilər, əks halda zaminliyə xitam verilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas və faiz borcu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Lakin müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, “kredit müqaviləsi imzalandığı gündən qüvvəyə minir və kredit, ona hesablanmış faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənədək qüvvədə qalır”. Məhkəmə hesab edir ki, müqavilədə göstərilən belə şərt müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi müəyyən və qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin maddədə müddətin müəyyənləşdirilməsinin 3 qaydası təsbit edilmişdir. - dəqiq təqvim tarixi; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi; - hökmən baş verməli olan hadisənin göstərilməsi. Müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müqavilə üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu hallarda zaminliyin bütün öhdəliklər tam ödənilənədək qüvvədə olması barədə müqavilə şərti hüquqi müəyyənlik prinsipinə, mülki qanunvericiliyin zaminliyə xitam verilməsini, habelə müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Belə ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli alqısatqı və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq satıcılar tərəfindən təklif olunur. Bu mənada baxılan iş üzrə Bank və Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuşdur. Belə ki, Bank və Cavabdeh1 arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarxində 14 ay müddətinə bağlandığından həmin müqavilə üzrə kredit öhdəliyinin icrası vaxtı xx.xx.2016-cı il tarixində başa çatmışdır. İddiaçı həmin tarixdən təxminən 8 il keçdikdən sonra – xx.xx.2025-ci il tarixində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Cavabdeh1 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bu səbəbdən iddia Elman İbrahimova aid hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 373.55 manat əsas, 26 manat faiz, cəmi 399 (üç yüz doxsan doqquz) manat 55 (əlli beş) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh2 alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1004/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1004/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver