Məhkəmə qərarları › İş №e-2(062)-1330/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1330/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1330/2024 27.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq kredit borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC-nin Masallı filialı arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, MSNPU-05309 saylı kredit müqaviləsinə əsasən illik 14 % dərəcəsi olmaqla, 36 ay müddətinə 9000 manat kredit verilmişdir. 20 aprel 2022-ci il tarixli MSNPU-05309 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, MSNPU-05309 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 20-dən gec olmayaraq hər ay 307,6 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 20 aprel 2022-ci il tarixli, MSNPU-05309 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5675,56 manat, faiz borcuna görə 435,65 manat, dəbbə borcuna görə 1800 manat olmaqla, 7911,21 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş 20 aprel 2022-ci il tarixli, MSNPU-05309 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Masallı filialı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 14% ödəmək şərtilə 9000 manat kredit ayrılmışdır. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə indiki tarixə cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 5675,56 manat, faiz borcuna görə 435,65 manat, cərimə borcuna görə 1800 manat olmaqla, cəmi 7911,21 manat borcu qalmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı ASC-nin Masallı filialı arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, MSNPU-05309 saylı kredit müqaviləsinə əsasən illik 14 % dərəcəsi olmaqla, 36 ay müddətinə 9000 manat kredit verilmişdir. 20 aprel 2022-ci il tarixli MSNPU-05309 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəmədiyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. 20 aprel 2022-ci il tarixli, MSNPU- 05309 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 20-dən gec olmayaraq hər ay 307,6 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə 5675,56 manat əsas, faiz borcuna görə 435,65 manat, dəbbə borcuna görə 1800 manat olmaqla, 7911,21 manat borcu vardır. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan 1800 manat cərimə azaldılaraq 180 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5675,56 manat əsas, 435,65 manat faiz, 180 manat cərimə borcu olmaqla, cəmi 6291,21 manat pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun 82 manat 92 qəpiyi cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5675,56 manat əsas, 435,65 manat faiz, 180 manat cərimə borcu olmaqla, cəmi 6291,21 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 82 manat 92 qəpik alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar