Məhkəmə qərarları › İş №e-2(062)-1422/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1422/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1422/2024 31.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 31 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC məhkəmədə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia qaldıraraq kredit borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh3 ilə təşkilat arasında bağlanmış 07 mart 2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və 07 mart 2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 36 ay müddətinə, illik 22% ödəmək şərtilə 7931 manat məbləğində kredit verilmişdir. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermişdir. Bununla yanaşı, 07 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3nın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 arasında 07 mart 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Amma borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 07 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin borcunun məbləği əsas borca görə 6942,2 manat, faiz borcuna görə 801,08 manat, cərimə borcuna görə 98,9 manat olmaqla, cəmi 7842,18 manat məbləğində təşkil edir. Odur ki, cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borca görə 6942,2 manat, faiz borcuna görə 801,08 manat, cərimə borcuna görə 98,9 manat olmaqla, cəmi 7842,18 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 98,83 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş 07 mart 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh3 istehlak məqsədilə 36 ay müddətinə, illik 22% ödəmək şərtilə 7931 manat kredit verilmişdir. İşə əlavə olunmuş 07 mart 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 ilə təşkilat arasında zaminlik müqaviləsi bağlanmışdır və bununla da Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 Cavabdeh1 öhdəliklərinin təminatçısı kimi çıxış edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh3 ilə "xxxx" KB ASC arasında bağlanmış 07 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədilə 36 ay müddətinə, illik 22% ödəmək şərtilə 7931 manat məbləğində kredit verilmişdir. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermişdir. Bununla yanaşı, 07 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3nın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 arasında 07 mart 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Amma borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdirlər. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişlər. 18 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin 07 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 6942,2 manat, faiz borcuna görə 801,08 manat, cərimə borcuna görə 98,9 manat olmaqla, cəmi 7842,18 manat təşkil edir. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan 98,9 manat cərimə azaldılaraq 9,89 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 əsas məbləği 6942,2 manat, faiz borcuna görə 801,08 manat, cərimə borcuna görə 9,89 manat olmaqla, cəmi 7753,17 manat alınaraq "xxxx" KB ASCnin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının ödədiyi dövlət rüsumunun 97,53 manatı cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 əsas məbləği 6942,2 manat, faiz borcuna görə 801,08 manat, cərimə borcuna görə 9,89 manat olmaqla, cəmi 7753,17 manat borc və 97,53 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar