Məhkəmə qərarları › İş №e-2(062)-1541/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1541/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1541/2025 22.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun vərəsədən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “kredit borcunun vərəsədən tutulması” tələbinə dаir iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********30 saylı istehlak krediti müqaviləsinə əsasən 1085.68 manat əsas borc olmaqla, cəmi 1085.68 manat məbləğində kredit borcunun, ödənilmiş 30.86 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Tovuz filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********30 saylı kredit müqaviləsinə əsasən X4 19 ay müddətinə illik 22.9 faiz olmaqla 1200 (min iki yüz) manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Tovuz regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 5075 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 8V-525 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı etirafetmiş və bildirmişdir ki, qalan borcunu hissə-hissə ödəyəcək. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli, BPM**********30 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC X4 19 ay müddətinə, illik 22.9% dərəcəsi ilə 1200 manat məbləğində kredit vermişdir. xx.xx.2023-cü il tarixli, BPM**********30 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş, ödənişlərin xx.xx.2023 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 75.9 manat (sonuncu ay 75.73 manat) məbləğində olmaqla ödənilməsi müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə görə "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixə 1085.68 manat ödənilməmiş əsas borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 379026 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 902 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 qalmış mirası Tovuz rayonu Əlimərdanlı kəndində qeydiyyatda olan xx.xx.1956-cı il təvəllüdlü, FİN:xxxxxxx, olan yoldaşı Cavabdeh qəbul etmiş və vərəsəlik işi açılmışdır. xx.xx.2024-cü il tarixdə 8V-525 nömrə ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Tovuz rayonu Əlimərdanlı kəndində qeydiyyatda olan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Tovuz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD089677 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən JN: 524A, KOD 50305018 nömrəli şəhadətnaməyə əsasən 0.10 ha və JN:177, KOD 50305018 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 0.48 ha torpaq sahəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli 6-2-22/2-43661/2024 saylı bildirişdən görünür ki, mərhum borclunun vərəsəsi Cavabdeh müqavilə üzrə ödənilməmiş borc məbləği barədə xəbərdar edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 30.86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X3 xx.xx.2023-cü il tarixli BPM**********30 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 1085.68 manat əsas borc, cəmi 1085.68 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, mərhum X5 ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclu vəfat etdiyindən öhdəlik tam icra edilməmişdir. Mərhumun miras əmlakı vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmiş və adına vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC həmin vərəsədən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30.86 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X3 vərəsəsi Cavabdeh 1085.68 manat əsas borc, cəmi 1085.68 manat məbləğində kredit borcu, ödənilmiş 30.86 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. X3 vərəsəsi Cavabdeh 1085.68 manat əsas borc, cəmi 1085.68 (min səksən beş manat altmış səkkiz qəpik) manat kredit borcu, ödənilmiş 30.86 (otuz manat səksən altı qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar