Məhkəmə qərarları › İş №e-2(062)-165/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-165/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-165/2025 27.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı BOKT İddiaçı MMC-nin cavadeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, BOKT İddiaçı MMC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2662/2 saylı kredit müqaviləsinə əsasən bank borcalana məişət avadanlıqlarının alınması üçün 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 8.800 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə aldığı kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. BOKT İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2662/2 saylı girov müqaviləsinə əsasən, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı qismində Cavabdeh məxsus 147.6 qram qızıl-zinət əşyalarını girovla yüklü edilmişdir. İddiaçı BOKT İddiaçı MMC cavadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3788 manat əsas, 5120.21 manat faiz, 249.56 manat cərimə borcu olmaqla, cəmi 9157.77 manat borcun və 111.58 manat dövlət rüsumunun tutulmasını; tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2662/2 saylı girov müqaviləsi üzrə girov predmeti olan 147.6 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi; girov predmeti olan həmin qızılzinət əşyasının açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq BOKT İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan əsas öhdəliyi uzun müddətdir ki, lazımınca icra etməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 2662/2 saylı kredit müqaviləsi üzrə 3788 manat əsas, 5120.21 manat faiz, 249.56 manat cərimə borcu olmaqla, cəmi 9157.77 manat borc hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Belə ki, Bankla Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini borcalan Cavabdeh vermişdir. Borcalan isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Bank ilə borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditin təminatı qismində Cavabdeh məxsus 147.6 qram çəkidə olan qızıl-zinət əşyalarının girovla yüklü edilməsinə razılıq vermişdir. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəf isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış əsas və faiz borcu tələb etməkdə haqlıdır. Habelə, iddia tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissədə də iddia əsaslıdır. Belə ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş 147.6 qram çəkidə olan qızıl-zinət əşyasına yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdeh tərəfin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun silinməsi kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 249.56 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə borcu azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə satışdan əldə edilən pul vəsaitinin iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda qalıq borc məbləğinin Cavabdeh tutularaq BOKT İddiaçı MMC-yə ödənilməsi hissəsini əsassız hesab edir. Belə ki, tələb gələcəkdə baş verməsi qeyri-müəyyən olan hallarla bağlı ola bilməz. Əgər satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda iddiaçının bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı iş üzrə əsas, faiz və azaldılmış cərimə borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 111.58 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 2662/2 saylı kredit müqaviləsi üzrə 3788 manat əsas, 5120.21 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 9008 (doqquz min səkkiz) manat 21 (iyirmi bir) qəpik pul Cavabdeh alınaraq iddiaçı BOKT İddiaçı MMC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan cəmi 44,4 qram çəkidə 750 əyarlı 2 ədəd sep, 20 qram çəkidə 2 cüt 750 əyarlı sırğa, 6,1 qram çəkidə 750 əyarlı 1 ədəd klon, 13,8 qram çəkidə 1 ədəd 750 əyarlı qolbağı, 20,1 qram çəkidə 585 əyarlı 2 ədəd qolbağı, 16,6 qram çəkidə 583 əyarlı 1 ədəd komplekt, 4,8 qram çəkidə 1 ədəd 583 əyarlı üzük, 9,1 qram çəkidə 585 əyarlı 2 ədəd sep, 6,1 qram çəkidə 585 əyarlı 1 ədəd klon və sırğa, 6,6 qram çəkidə 1 ədəd komplektdən ibarət olan qızıl-zinat əşyalarına yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Həmin əşyaların ilkin satış qiyməti, girov müqaviləsinə uyğun qiymətləndirilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110 (yüz on manat 8 (səkkiz) qəpik pul Cavabdeh alınaraq iddiaçı BOKT İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar