Məhkəmə qərarları › İş №e-2(062)-169/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-169/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-169/2025 15.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən bankın xeyrinə 2506,34 manat əsas, 247,64 manat faiz borcu olmaqla cəmi 2753,98 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 47,54 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 38 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 2506,34 manat məbləğdə kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun 2506,34 manat əsas, 247,64 manat faiz borcu olmaqla cəmi 2753,98 manat borcu yaranmışdır. Mübahisənin həlli məhkəmədənkənar qaydada həllin tapmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən 284-1-ci maddəsində göstərilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (Mülki Prosessual Məcəllənin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələri). İddia tələbi üzrə mübahisənin hüquqi həllinə keçməmişdən qabaq məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada iddia ərizəsinə qarşı etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normalarına istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan: Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 38 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 2506,34 manat məbləğdə cavabdehin kredit verilmişdir. Kreditor İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdehnın kredit müqaviləsi üzrə borcu 2506,34 manat əsas, 247,64 manat faiz borcu olmaqla cəmi 2753,98 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2024-cü il tarixli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş və həmin arayış ilə müəyyən edilmişdir ki, borcalan Cavabdehnın kredit müqaviləsi üzrə borcu 2506,34 manat əsas, 247,64 manat faiz borcu olmaqla cəmi 2753,98 manat təşkil edir. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh kredit müqaviləsi üzrə 2506,34 manat əsas, 247,64 manat faiz borcu olmaqla cəmi 2753,98 manat pul məbləği alınaraq İddiaçı ASC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 284-6.1 və 284-6.2-ci maddələrində göstərilmişdir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 47,54 manat məbləğdə əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6.1, 284-6.2 və 357 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 2506,34 manat əsas, 247,64 manat faiz borcu olmaqla cəmi 2753,98 (iki min yeddi yüz əlli üç manat doxsan səkkiz qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 47,54 manat məbləğdə pulun əvəzi tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar