Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1735/2024 06.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) X2 iştirakı ilə, İddiaçı X8 İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X8 İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 manat rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 292,89 manat pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən 67 kv.m. yaşayış sahəsinə yönəldilməsi, əmlakın likvid satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərrracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmeti satışından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 48000 manat kredit verilmişdir. Verilən kreditin təminatı kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli çıxarış əsasında cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən 67 kv.m. yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq ödəməli olduğu pul vəsaitini geri qaytarmamışdır. Bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilsə, habelə, xx.xx.2023-cü il tarixli bildiriş göndərilsə də cavabdeh buna məhəl qoymamışdır. Hazırda cavabdehin banka xx.xx.2023-cü il tarixinə 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 manat borcu vardır. Bundan başqa «İpoteka haqqında» Qanunun tələblərinə müvafiq olaraq bank tərəfindən cavabdehə bildiriş göndərilmiş və həmin bildiriş müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbi ilə bağlı göstərdi ki, qardaşı hərbiçi olmuşdur. İllik səkkiz faiz olmaqla ipoteka yolu ilə Sumqayıt şəhərindən ev almışdır. Evin qiyməti 80000 manat olmuş və ilkin ödəniş kimi qardaşı 32000 manat pul ödəmişdir. Qardaşı Rəhman işi ilə əlaqədar gələ bilmədiyindən etibarnaməni maklerə vermişdir ki, bütün prosedurları o həyata keçirsin. Makler ona bildirmişdir ki, evə kirayəçi də qoymuşdur. Bir müddət sonra makler qardaşına demişdir ki, evə qaçqınlar girmişlər və çıxmırlar. Hansı ki, makler başqa evi qardaşına göstərsə də, həmin ev ipoteka predmeti olmamışdır. Tamam başqa bir evi qardaşına ipoteka ilə satmışlar. Orada yaşayan qaçqın şəxs isə evdən çıxmayacağını bildirir. Məhz bu səbəbdən qardaşı aylıq ödənişləri etməmişdir. Bu barədə banka məlumat versələr də, bank bunun onların problemi olmadığını bildirmişdir. Düşünür ki, hazırda iddia tələbi onların ipoteka predmeti olan fərdi yaşayış evindən orada yaşayan şəxslərin çıxarılması barədə iddiasına baxılana kimi təxirə alınmalıdır. Çünki evi itirmək istəmirlər. Evdən qaçqınlar çıxacağı halda qardaşı aylıq ödənişləri edəcəklər. Evdə həmin şəxslər 2017-ci ildən yaşayırlar. Həmin tarixdən hazırki vaxta kimi torpaqların işğal altında olması, habelə, bankın ləğv prosesinin başlanması səbəblərindən iddia qaldırmamışlar. Bununla belə hazırda iddia qaldırmışlar. Odur ki, onlara vaxt verilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Onu nümayəndəsi təmsil etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor X8 İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana illik 8 faiz olmaqla 300 ay müddətinə 48000 manat məbləğdə kredit verilmişdir. X1, ipotekasaxlayan İddiaçı ASC və ipotekaqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 67 kv.m. olan daşınmaz əmlakı alıcı – ipotekaqoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın dəyəri 80000 manatdır. Həmin pulun 32000 manatını alıcı ilkin ödəniş kimi özü vermiş, geri qalan 48000 manat isə kreditor - ipotekasaxlayan İddiaçı ASC tərəfindən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi əsasında verilmişdir. Alıcı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi aldığı daşınmaz əmlakı İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 67 kv.m. olan daşınmaz əmlak xx.xx.2017-ci ildə xx.xx.2042-ci ilə kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqları yüklü edilən şəxs Cavabdehdur. X3 Olan İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmişdir. Kreditor X8 İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 manat borcu vardır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına kredit və ipoteka ilə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşdə olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər həmin müqaviləni Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Borcun hansı həddə olması barədə iddiaçı tərəfindən kredit müqaviləsinin icrası barədə arayış təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə borcalanın kreditora 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 manat borcu vardır. Məhkəmə tərəfindən arayış sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Odur ki, kredit müqaviləsi üzrə tələb olunan borc məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Tələbin ipoteka predmeti ilə bağlı hissəsini də məhkəmə qanuni hesab edir. Bununla bağlı məhkəmə aşağıdakı qanunvericilik normalarının sistemli şəkildə təhlil edilməsini və işin halları baxımından qiymətləndirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar” xx.xx.2008-ci il tarixli Qərarında göstərildiyi kimi, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə MMdə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi («İpoteka haqqında» Qanunun 4.1-ci maddəsi). «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin yönəldilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). Cavabdeh tərəfin ipoteka predmeti olan əmlakda başqa şəxslərin yaşaması, bu səbəbdən ödəniş etməmələri dəlilləri ilə bağlı məhkəmə göstərir ki, bu dəlillər iddianın mahiyyəti üzrə hər hansı əhəmiyyət kəsb etmir. Çünki yaranmış mübahisə müqavilə öhdəliklərinin icra edilməməsinə görədir və müqavilə tərəfləri hazırki iş üzrə iddiaçı və cavabdehdir. Yəni müqavilə üzrə yaranan öhdəliklərin icra edilməməsinə görə məhz cavabdeh özü məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. Hazırki mülki iş üzrə də bütün öhdəlik hüquq münasibətlərinin şərtləri mövcuddur. Məhkəmə hesab edir ki, nə qədər ki, ipoteka predmeti olan əmlak ipoteka ilə bankın xeyrinə yüklüdür, bu zaman orada ipoteka qoyan deyil də başqa şəxslərin yaşaması tutmanın həmin əmlaka yönəldilməsini istisna etmir. Odur ki, tutma ipoteka predmetinə yönəldilməlidir. Həmçinin tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər arasında ipoteka predmetinin qiyməti barədə mübahisə olmadığından ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində göstərildiyi kimi, 80000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin iddia tələbi ipoteka predmeti olan evin boşaldılması hissəsində də əsaslıdır. Belə ki, «İpoteka haqqında» 59.3-ci maddəsində göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları xx.xx.2023-cü il tarixli Qərardadında qeyd olunmuşdur ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Bununla belə məhkəmə onu da diqqətə çatdırır ki, tələbin «ipoteka predmeti satışından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutulması» hissəsi təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli Qərarının 2.4 və 5-ci bəndlərində göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə göstərir ki, iddia tələbinin yuxarıda göstərilən hissəsi hazırda hüquqi qiymət verilməli olan hal deyildir. Həmin hissə özlüyündə qeyri-müəyyənlik əks etdirir. Eyni zamanda ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti banka olan borcun ödənilməsinə yetərli olmayacağı halda qətnamənin icrası üçün icra məmurları tərəfindən məcburi icra tədbirləri həyata keçiriləcəkdir. Bu kimi tədbirlər isə “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Belə ki, həmin Qanunun 43.1-ci maddəsində göstərilmişdir ki, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əbilovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 292,89 manat və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 (altmış yeddi min altı yüz otuz bir manat beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı X8 İddiaçı ASC-yə verilsin. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67 kv.m. olan yaşayış sahəsinə yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına X8 İddiaçı ASC-yə ödənilməli olan kredit müqaviləsi üzrə borc məbləği və dövlət rüsumları ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 292,89 manat və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat pulun əvəzi Cavabdeh alınaraq iddiaçı X8 İddiaçı ASC-yə verilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-1735/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1735/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver