Məhkəmə qərarları › İş №e-2(062)-1938/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1938/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1938/2023 29.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı BOKT ASC-nin nümayəndəsi Cavabdeh qarşı « kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 8705,13 manat əsas, 783,35 manat faiz, 3572,40 manat cərimə borcu olmaqla 13060,88 manat borcun, iddianın verilməsi üçün ödənilmiş 129,18 manat dövlət rüsumunun tutularaq Cəmiyyətə verilməsi, tələbin cavabdehin mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 34000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun Cəmiyyətə ödənilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyət ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001ET-003693-4 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 faiz olmaqla 15600 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi əsasında Cəmiyyətin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsində qeyd olunan əmlar xx.xx.2019-cu il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı üzrə 34000 manat məbləğdə qiymətləndirilmişdir. Borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol vermişdir. Nəticədə onun 8705,13 manat əsas, 783,35 manat faiz, 3572,40 manat cərimə borcu olmaqla 13060,88 manat borcu yaranmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin «ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması» hissəsi üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə müvafiq olaraq xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddia tələbinin dəlillərini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor İddiaçı BOKT ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001ET-003693-4 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana 24 ay müddətinə illik 30 faiz olmaqla 15600 manat kredit verilməsi barədə tərəflər razılığa gəlmişlər. İpotekasaxlayan İddiaçı BOKT ASC ilə ipotekaqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001ET-003693-4 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi ipotekaqoyana məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 158,50 kv.m. olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin likvid dəyəri 34000 manat məbləğində dəyərləndirilmişdir. Kreditor İddiaçı BOKT ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli borc haqqında arayışdan görünür ki, borcalan Cavabdeh kreditora 8705,13 manat əsas, 783,35 manat faiz, 3572,40 manat cərimə borcu olmaqla 13060,88 manat borcu vardır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Cavabdeh Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 158,50 kv.m. olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. İpotekasaxlayan İddiaçı BOKT ASC tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına kredit və ipoteka ilə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşdə olan xx.xx.2021-ci il tarixli, 2021/00001ET-003693-4 saylı kredit müqaviləsindən görünür ki, tərəflər həmin müqaviləni Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən kredit müqaviləsinin icrası barədə arayış təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə borcalanın kreditora 8705,13 manat əsas, 783,35 manat faiz, 3572,40 manat cərimə borcu olmaqla 13060,88 manat məbləğində borcu vardır. Məhkəmə tərəfindən arayış sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan işin hallarını təhlil edərək məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləğinin 50 manat həddində müəyyən edilməsi tərəflərin əmlak vəziyyətinə və mənafelərinə uyğun olar. Tələbin ipoteka predmeti ilə bağlı hissəsini də məhkəmə qanuni hesab edir. Bununla bağlı məhkəmə aşağıdakı qanunvericilik normalarının sistemli şəkildə təhlil edilməsini və işin halları baxımından qiymətləndirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 317.1-ci maddəsində göstərilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır («İpoteka haqqında» Qanunun 34.1.1 və 36.1-ci maddələri). İş materialları ilə müəyyən edilir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən kreditorun tutmanın ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. Bu hüquq yuxarıda sadalanan maddi hüquq normalarından qaynaqlanır. Həmçinin iddiaçı tərəfindən borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara tərəfindən riayət olunmuşdur. Eyni zamanda kredit müqaviləsi üzrə borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulmasının da ipoteka predmetinə yönəldilməsi əsaslıdır. Çünki «İpoteka haqqında» Qanunun 4.1-ci maddəsində göstərilmişdir ki, Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi; Həmçinin «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər arasında ipoteka predmetinin qiyməti barədə mübahisə olmadığından – yəni cavabdeh məhkəməyə bu barədə hər hansı etirazını ünvanlamadığından ipoteka predmetinin ilkin satış qiyməti tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərildiyi kimi, 34000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia tələbinin ipoteka predmetinin hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə hissələri də məhkəmə tərəfindən əsaslı sayılır. Belə ki, «İpoteka haqqında» Qanunun 41.1 və 41.2-ci maddələrində göstərilmişdir ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 47.2-ci maddəsində göstərilmişdir ki, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. İddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə göstərir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əbilovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 129,18 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001ET-003693-4 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 8705,13 manat əsas, 783,35 manat faiz, 50 manat cərimə borcu olmaqla 9538,48 (doqquz min beş yüz otuz səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı BOKT ASC-yə verilsin. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 158,50 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 34000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına İddiaçı BOKT ASC-yə ödənilməli olan kredit müqaviləsi üzrə borc məbləği və dövlət rüsumu ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 129,18 (bir yüz iyirmi doqquz manat on səkkiz qəpik) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı BOKT ASC-yə verilsin. İddia tələbi cərimə borcuna dair qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar