Məhkəmə qərarları › İş №e-2(062)-1962/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1962/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1962/2024 05.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 16 iyul 2015-ci il tarixli, 3M saylı kredit müqaviləsinin icrası ilə bağlı 12000 manat borcun və 127 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 16 iyul 2015-ci ildə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh ondan 12000 manat məbləğində borc götürmüş və 16 avqust 2015-ci ildə götürdüyü borcu ona qaytarmağı öhdəsinə götürmüşdür.Lakin bu günə kimi cavabdeh müxtəlif bahanələrlə ondan vaxt istəyərək borcunu ödəməkdən yayınmışdır. Odur ki, İddiaçı ərizə ilə məhkəməyə müraicət edərək Cavabdeh onun xeyrinə 12000 manat məbləğində borc və 127 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə müraciət edərək, cavabdehin 2022-ci il 20 yanvar tarixində ortaq tanışları vasitəsilə 500 manat borcunu qaytardığını göstərərək iddia həcmini azaldıb 11500 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclas zalına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş 16 iyul 2015-ci ildə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh ondan 12000 manat məbləğində borc götürmüş və 16 avqust 2015-ci ildə götürdüyü borcu ona qaytarmağı öhdəsinə götürmüşdür. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, Cavabdeh 11500 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 11500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar