Məhkəmə qərarları › İş №e-2(062)-2189/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2189/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2189/2023 19.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 19 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə baxışında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı BOKT ASC ilə cavabdeh X3 arasında 18 fevral 2020-ci il tarixli 2020/00001ET-003521-2 saylı kredit xətt müqaviləsi bağlanmış, müqaviləyə əsasən, cavabdehə 24 ay müddətinə aylıq faiz dərəcəsi 30% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. Bununla yanaşı, kredit müqaviləsi üzrə X3 ilə öhdəliklərinin icrasının təminatı kimi təşkilat ipoteka müqaviləsi bağlanmışdır. Borcun təminatı olaraq X3 ilə təşkilat arasında bağlanılmış 18 fevral 2020-ci il tarixli 2020/00001ET-003521-2İP nömrəli ipoteka müqaviləsi əsasında Qovlar şəhəri Saməddin Əliyev küçəsində Yusif Hüseynovun mülkiyyətində olan 0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyana tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş göndərilmiş, bildirişlər onun ünvanına çatdırılmış və həmin bildirişlər DƏDRX-nin 15 saylı ərazi idarəsinə təqdim edilmiş və qeydiyyata alınmışdır. Borclu kredit vəsaitindən istifadə etsə də kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına daxil edilmişdir. X3 09 may 2020-ci ildə vəfat etmişdir. Hazırda onun hüquqi vərəsələri müəyyən edilmişdir. 05 may 2023-cü il tarixinə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı BOKT ASC-yə cəmi 54593,4 manat borcun, eləcə də, dövlət rüsumu hesabına ödənilmiş 253,79 manat alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin Qovlar şəhəri Saməddin Əliyev küçəsində Yusif Hüseynovun mülkiyyətində olan 0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş 18 fevral 2020-ci il tarixli 2020/00001ET-003521-2 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə X3 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş İddiaçı BOKT ASC ilə X3 arasında bağlanılmış 18 fevral 2020-ci il tarixli 2020/00001ET-003521-2İP ipoteka müqaviləsindən görünür ki, Qovlar şəhəri Saməddin Əliyev küçəsi küçəsində Yusif Hüseynovun mülkiyyətində olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evi İddiaçı BOKT ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinin likvid dəyəri FM Consulting tərəfindən 50000 manat qiymətləndirilmişdir. İşə əlavə olunmuş çıxarışdan görünür ki, X1 mülkiyyətində olan fərdi yaşayış evi İddiaçı BOKT ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş qəbzdən və xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borclarının ödənilməsi barədə bildiriş göndərilmişdir. İşə əlavə olunmuş iddiaçı təşkilat tərəfindən DƏDRX-nin 15 saylı ərazi idarəsinə təqdim etdiyi ərizədən görünür ki, tutmanın yönəldilməsi haqqında ipoteka qoyana bildirişin onun ünvanına çatdırıldığı və tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması göstərilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 09 may 2020-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinin 17 mart 2021-ci il tarixli məktubundan görünür ki, 09 may 2020-ci il tarixində vəfat etmiş X1 hüquqi vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müəyyən edilmişdir. Məhkəmədə araşdırılmış bildirişdən məlum olur ki, yuxarıda göstərilən öhdəliklərin yerinə yetirməyəcəyi təqdirdə tutma ipoteka predmeti olan əmlaka yönəldiyi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Göründüyü kimi cavabdeh İddiaçı BOKT ASC ilə bağladığı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş sonuncuya, o cümlədən vərəsələri olan cavabdehlərə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək iddiaçı təşkilatın qənaətinə görə cavabdehlərin 19380,10 manat kredit borcu, 10836,65 manat faiz borcu, 22240 manat cərimə olmaqla, cəmi 54593,40 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1- ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan Azərbaycam Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana ) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə görə, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra edilmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləği ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka Haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Tərəflər ipoteka predmetinin ilkin dəyərini 50000 manat razılaşmışlar. Məhkəmə hesab edir ki, 18 fevral 2020-ci il tarixli, 2020/00001ET-003521-2 saylı kredit müqaviləsi üzrə əsas borcdan 19380,10 manat ödənilmədiyinə görə həmin məbləğ cavabdehlərdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Eyni zamanda müqavilə üzrə kredit müddət bitənə kimi hesablanmış faiz borcu 10836,65 manat təşkil etdiyinə görə həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə görə iddiaçı təşkilat kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsinə, həmin əmlakın açıq hərracda satılmasına və satışdan əldə olunan pulun müqavilə üzrə borc məbləğinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehlərə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 556 manat məbləğində müəyyən olunması qanuni və əsaslıdır. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 18 fevral 2020-ci il tarixli, 2020/00001ET-003521-2 saylı kredit razılaşmasına əsasən 19380,10 manat kredit borcu, 10836,65 manat faiz borcu, 556 manat cərimə olmaqla, cəmi 30772,75 manat və ödənilmiş 182,32 manat dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka müqaviləsinə əsasən, ipotekaya qoyulmuş və X1 mülkiyyətində olan Qovlar şəhəri Saməddin Əliyev küçəsində olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehin banka olan borcu ödənilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilməlidir. Qovlar şəhəri Saməddin Əliyev küçəsində 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra əmlak boşaldılmalı və alıcıya təhvil verilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin istifadə hüquqlarının itirilməsinin qətnamədə göstərilməsinə zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 18 fevral 2020-ci il tarixli, 2020/00001ET-003521-2 saylı kredit razılaşmasına əsasən 19380,10 manat kredit borcu, 10836,65 manat faiz borcu, 556 manat cərimə olmaqla, cəmi 30772,75 manat və ödənilmiş 182,32 manat dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Tutma 18 fevral 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, yüklü edilmiş və X1 mülkiyyətində olan Qovlar şəhəri Saməddin Əliyev küçəsində olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilsin. Qovlar şəhəri Saməddin Əliyev küçəsində 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra əmlak boşaldılsın və alıcıya təhvil verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündə 1 (bir) ay müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar