Məhkəmə qərarları › İş №e-2(062)-2284/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2284/2025

05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2284/2025 05.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində avtomobilə dəymiş 12817,19 manat maddi ziyanın və ödənilmiş 129 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 23:50 radələrində ona məxsus olan idarə etdiyi “Skoda Octavia” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, H. Əliyev prospektində hərəkətdə olan zaman qarşıdan gələn “Kia Sorento” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq “Nissan” markalı avtomobili vurduqdan sonra onun avtomobili ilə toqquşmuş və avtomobilə ağır ziyan dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Lakin avtomobil artıq sürülə bilinməyəcək vəziyyətə düşmüşdür. Tərəfindən dəfələrlə cavabdeh ilə əlaqə saxlanılmasına baxmayaraq bu barədə ona hər hansı müsbət cavab verilməmiş, hər hansı təmir edilmə və ya təmir xərclərinin ödənilməsi kimi təkliflər verilməmişdir. Qarşı tərəfə dəymiş zərər barədə məlumat verilməsinə baxmayaraq, ona hər hansı ödəniş edilməmiş, ödənişin edilməsindən boyun qaçırılmışdır. Həmin hadisə nəticəsində minik avtomobilinə zərər dəymiş və hazırda istifadə edilməz vəziyyətdədir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 02- 218/25 saylı ekspert rəyinə əsasən dəymiş ziyan 17230 AZN müəyyən olunmuşdur. Sığorta ödənişi olaraq sığorta şirkəti tərəfindən ona 4412.81 AZN vəsait ödənilmişdir. Geriyə qalan 12817,19 AZN vəsait isə cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd edilən ziyan ilə bağlı cavabdehə müraciət edən zaman cavabdeh öz öhdəliyini yerinə yetiməkdən boyun qaçırmışdır. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət ertmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının xeyrinə 12817,19 manat pulun və ödənilmiş 129 manat dövlət rüsumunun tutulması və həmin borcun ödənilməsi üçün borcun cavabdehin əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, icarəyə nəqliyyat vasitəsi götürdüyünü buna görə əlavə olaraq 1000 manat ödəniş etdiyini bildirmiş, ona görə də cavabdehdən 1000 manat icarəyə götürdüyü nəqliyyat vasitəsinə ödədiyi pul da nəzərə alınmaqla 13817,19 manat pulun və ödənilmiş 129 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, yenidən ekspertiza təyin edilməsinə öz etirazını bildirdi və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, işin məhkəmədə olduğu müddətdə qarşılıqlı razılığa gəlmək üçün cavabdeh tərəfindən hər hansı addım atılmamışdır. İş üzrə ekspertiza təyin edildikdə də cavabdeh rüsumu ödəməmiş, vaxtın uzadılmasına səbəb olmuşdur. Hazırda nəqliyyat vasitəsinə ehtiyacı olduğu üçün icarəyə nəqliyyat vasitəsi götürmüş, əlavə olaraq 1000 manat da ona ödəniş etmişdir. Özü təqaüdçüdür. Odur ki, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışında iştirak edə bilməyəcəyini, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2025-ci il tarixli, TP7193199 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 23:50-də Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında “Kia Sorento minik” markalı, 77FK874 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə İXM-nin 327.1-ci maddəsində nərəzədə tutulmuş inzibati xəta törədilmişdir. BA458304 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-BY- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ilkin qiymətləndirmə rəyindən görünür ki, “Skoda Oktavia” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 9640 manat ehtiyat hissələrinin qiyməti, 3.737 manat işçi haqqı olmaqla, ümumilikdə 13.377 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 02-128/25 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Skoda Oktavia” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 14.580 manat, aparılacaq təmin üçün əmək haqqı isə 2650 manat təşkil etdiyi müəyyən edilmişdir. Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 4412.81 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli avtomobil icarə müqaviləsindən görünür ki, İddiaçı tərəfindən “Kia Forte” markalı, **-AX-*** nömrəli avtomobil günü 50 manata icarəyə götürülmüş, 20 gün üçün 1000 ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 43) yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər... 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:

1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;

2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;

3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;

4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə “Kia Sorento” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xırdalan şəhəri, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman manevr etmə qaydasını pozmuş və iddiaçıya məxsus “Skoda Octavia” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və təqsirli olduğu üçün xx.xx.2025-ci il tarixli, İXP7064758 nömrəli inzibati xəta haqqında protokolla inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçı tərəfindən avtomobilə dəymiş maddi ziyanın hansı məbləğdə olması barədə "xxxx" MMC tərəfindən verilmiş hesabat təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli, 02- 128/25 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə həmin hesabatdan görünür ki, “Skoda Oktavia” markalə nəqliyyat vasitəsinə dəymiş ziyan 14 580 manat, aparılacaq təmin üçün əmək haqqı isə 2650 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclaslarında "xxxx" MMC tərəfindən verilmiş ilkin qiymətləndirmə rəyində “Skoda Oktavia” markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın 9640 manat ehtiyat hissələrinin qiyməti, 3.737 manat işçi haqqı olmaqla, ümumilikdə 13.377 manat təşkil etdiyini, iddiaçının təqdim etdiyi rəydə dəymiş ziyanın şişirdilmiş məbləğdə göstərildiyini qeyd etmiş və buna görə də, məhkəmə-əmtəəşünalıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materialları rəy verilməsi üçün "xxxx" MMC-yə göndərilsə də, cavabdeh tərəfindən müvafiq ödəniş (xidmət haqqı) ödənilmədiyi üçün iş materialları rəy verilmədən geri qaytarılmışdır. Məhkəmə hazırlıq iclası zamanı cavabdehin verdiyi izahatı ilə də müəyyən olunmuşdur ki, o, ekspertizanın keçirilməsindən məlumatlı olmuş, ekspert ilə əlaqə saxlamış, lakin təxmini eyni rəyin verilməsi ehtimalı olduğu üçün ödəniş etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Proasessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş rəyi əsas götürərək qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 02-128/25 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə həmin hesabatda “Skoda Oktavia” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 14 580 manat, aparılacaq təmin üçün əmək haqqı isə 2650 manat olmaqla, cəmi 17.230 manat müəyyən edilmişdir. Həmin məbləğdən 4412.81 manat "xxxx" ASC tərəfindən iddiaçının hesabına ödəniş edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyan məbləğinin iddiaçı tərəfindən tələb olunan həddə qəbul edilməsi və cavabdehdən tələb edilməsi qanunamüvafiqdir. Məhkəmə iddia tələbinin iddiaçının icarə götürdüyü avtomobilə görə ödədiyi 1000 manat pulun cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının qeyd edilən avtomobili icarəyə götürməsinin zərurətdən irəli gəlməsi iş materialları ilə müəyyən edilmir, bununla bağlı zəruri və mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, həmin hissədə iddia tələbini əsassız hesab edir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 128,45 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 12817,19 manat və dövlət rüsumu kimi ödənilmiş 128,45 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 12817,19 (on iki min səkkiz yüz on yeddi manat on doqquz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 128,45 (bir yüz iyirmi səkkiz manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar