Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2323/2024 29.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək Rüstəmova Gülnamə Nadir qızının vərəsələri Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə 747,61 manat əsas, 4,91 manat faiz borcu olmaqla cəmi 752,52 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,4 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Rüstəmova Gülnamə Nadir qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 1000 manat məbləğdə kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Rüstəmova Gülnamə Nadir qızı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Tovuz ASAN Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 5458 saylı cavab məktubundan görünür ki, Rüstəmova Gülnamə Nadir qızından qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Tovuz” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Rüstəmova Gülnamə Nadir qızının müqavilə üzrə 747,61 manat əsas, 4,91 manat faiz borcu olmaqla cəmi 752,52 manat borcu borcu qalmışdır. Cavabdehlər mərhum Rüstəmova Gülnamə Nadir qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Mübahisənin həlli məhkəmədənkənar qaydada həllin tapmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən 284-1-ci maddəsində göstərilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (Mülki Prosessual Məcəllənin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələri). İddia tələbi üzrə mübahisənin hüquqi həllinə keçməmişdən qabaq məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehlərin qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, cavabdehlər tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada iddia ərizəsinə qarşı etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normalarına istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan: Kreditor "xxxx" ASC ilə borcalan Rüstəmova Gülnamə Nadir qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana 24 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 1000 manat məbləğdə kredit verilmişdir. Kreditor "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan Rüstəmova Gülnamə Nadir qızının kredit müqaviləsi üzrə borcu 747,61 manat əsas, 4,91 manat faiz borcu olmaqla cəmi 752,52 manat təşkil edir. X1 Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5458 saylı məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Rüstəmova Gülnamə Nadir qızından miras qalmış əmlaka dair Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Eyni zamanda müəyyən edilmişdir ki, borcalan Rüstəmova Gülnamə Nadir qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ondan qalmış miras əmlaka dair isə Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bununla bağlı məhkəmə diqqətin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında yönəldilməsini zəruri hesab edir. Qərarda qeyd olunmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən mirasın qəbulu üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alındığından, onlar kreditor qarşısında məsuliyyət daşıyır. Borcun hansı məbləğdə olması barədə kreditor tərəfindən maliyyə arayışı təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, mərhum Rüstəmova Gülnamə Nadir qızının kredit müqaviləsinə əsasən nağd kredit üzrə 747,61 manat əsas, 4,91 manat faiz borcu olmaqla cəmi 752,52 manat borcu vardır. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 747,61 manat əsas, 4,91 manat faiz borcu olmaqla cəmi 752,52 manat pul məbləği alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 284-6.1 və 284-6.2-ci maddələrində göstərilmişdir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30,4 manat məbləğdə əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6.1, 284-6.2 və 357 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış 747,61 manat əsas, 4,91 manat faiz borcu olmaqla cəmi 752,52 (yeddi yüz əlli iki manat əlli iki qəpik) manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30,4 manat məbləğdə pulun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-2323/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2323/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver