Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-262/2025 14.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5211,57 manat əsas və 250,02 manat faiz olmaqla cəmi 5461,59 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 74,62 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 17 faiz olmaq şərti ilə 60 ay müddətinə 5211,57 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü ilə 5211,57 manat əsas və 250,02 manat faiz borcu olmaqla cəmi 5461,59 manat kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana 60 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 5211,57 manat məbləğində pul verilmişdir. Kreditor İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü ilə 5211,57 manat əsas və 250,02 manat faiz olmaqla cəmi 5461,59 manat borcu yaranmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin faktik əsası kimi xx.xx.2024-cü il tarixli kredit müqaviləsi dayanır. Məhz iddiaçı həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan xx.xx.2024-cü il tarixli kredit müqaviləsini Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (Mülki Məcəllənin 739.3-cü maddəsi). Mülki Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması halı (90 (doxsan) gündən az olmamaqla) qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb etməsinə əsasdır (Mülki Məcəllənin 742.5.2-ci maddəsi). Mülki Məcəllənin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş və həmin arayış ilə müəyyən edilmişdir ki, borcalanın kredit müqaviləsi üzrə 5211,57 manat əsas və 250,02 manat faiz olmaqla cəmi 5461,59 manat borcu borcu vardır. Məhkəmə tərəfindən həmin arayış sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini kreditor qarşısında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5211,57 manat əsas və 250,02 manat faiz olmaqla cəmi 5461,59 manat borcun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 74,62 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 5211,57 manat əsas və 250,02 manat faiz olmaqla cəmi 5461,59 (beş min dörd yüz altmış bir manat əlli doqquz qəpik) manat kredit borcu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 74,62 (yetmiş dörd manat altmış iki qəpik) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-262/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-262/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver