Məhkəmə qərarları › İş №e-2(062)-2912/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2912/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2912/2023 28.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2021-ci il tarixli, **********3707 saylı kredit müqaviləsinə əsasən 1944 manat borcun və 39,44 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMM QBKT ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı MMM QBKT-nin bağladığı 31 mart 2021-ci ildə **********3707 saylı kredit müqaviləsinə əsasən, borclunun 4500 manat borcu illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Yazılı formada razılaşdırılmış, həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh3 və Cavabdeh1 ilə 31 mart 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqaviləyə əsasən onlar zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Borclular öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca yerinə yetirməmişlər. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 və Cavabdeh1 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. 26 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, **********3707 saylı kredit müqaviləsi üzrə 1944 manat məbləğində borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Cavabdehlər müqavilənin tələblərini pozaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirmirlər. Borcluların banka olan borcları hələ də ödənilməmiş qalır. Odur ki, cavabdehlərdən **********3707 saylı kredit müqaviləsinə əsasən 1944 manat əsas, 0 manat faiz borcu, 0 manat cərimə borcu və 39,44 manat dövlət rüsumu müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının tələbinə dair cavabdehlərə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər iddiaçının tələbinə dair məhkəməyə etiraz verməmişlər. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş borc müqaviləsinin surətindən, həmin müqaviləyə əlavədən və maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh3nun, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən cəmi 1944 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nun borcu ödəməsinin son tarixi müəyyən olunsa da, borclular müqavilənin qeyd olunan şərtlərini pozaraq borcun ödənilməsini təmin etməmişdirlər. Ödəniş tapşırığından görünür ki, ərizənin məhkəməyə təqdim edilməsi üçün 39,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 391-3 və 397-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 31 mart 2021-ci il tarixli **********3707 saylı kredit müqaviləsinə əsasən, 1944 borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı MMM QBKT-yə ödənilməlidir. İddianın məbləği 1944 manat olduğuna görə 39,44 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230, 227, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31 mart 2021-ci il tarixli **********3707 saylı kredit müqaviləsinə əsasən, 1944 manat borc və 39,44 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı MMM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar