Məhkəmə qərarları › İş №e-2(062)-296/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-296/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-296/2025 06.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7621 manat 11 qəpik, mediasiya xərci kimi ödənilmiş 60 manat və 37 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və "X2" haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 8828 (səkkiz min səkkiz yüz iyirmi səkkiz) manat 26 (iyirmi altı) qəpik zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlamaları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7621 (yeddi min altı yüz iyirmi bir) manat 11 (on bir) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda "xxxx" MMC-yə ümumilikdə 7621 (yeddi min altı yüz iyirmi bir) manat 11 (on bir) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və qətnaməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, Cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh həmin tarixdən administrator vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli X2 haqqında müqavilənin surətinə əsasən administrator Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin OBA-Zabrat 19 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun akta əsasən araşdırma sonrası nəticə (maliyyət qiyməti ilə) - 8828.26 müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli imtina aktına əsasən Cavabdeh həmin tarixdə invebtarizasiyanın aparılmasına dəvət olunsa da iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan, əskikgəlmənin səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İddiaçı MMC-nin İnventarizasiya komissiyasının xx.xx.2023-cü il tarixli iltizamnaməsinə əsasən Cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayımdan etirazı olmamış, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İddiaçı MMC-nin sabiq administratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2023-cü il tarixli arayışa əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 7621 manat 11 qəpik borc qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubuna əsasən 7621 manat 11 qəpik vurulmuş ziyanın 3 gün müddətində ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. “Mediasiya Sessiyasında iştirak edilməməsi barədə” MŞB/20-2024-00486 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu hal xx.xx.2023-ci il tarixdə İddiaçı MMC-nin OBA-Zabrat 19 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair aktlara əsasən yekun olaraq cəmi 8828.26 manat məbləğində zərər vurması məlum olmuşdur. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda X2ə cəlb olunur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilən sübutlarla maddi ziyanın həqiqətən də cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmış, cavabdeh isə ziyanın onun təqsiri ilə əlaqədar olmadığı sübuta yetirə bilməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 manat və 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamış, ödənilməmiş dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən mediasiya xərci kimi ödənilmiş 60 manat və 37 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilməmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 7621 manat 11 qəpik əsas borc, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğin və 37 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə, ödənilməmiş 60 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7621 (yeddi min altı yüz iyirmi bir) manat 11 (on bir) qəpik əsas borc, ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilməmiş 60 manat (altmış) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar