Məhkəmə qərarları › İş №e-2(062)-3014/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-3014/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-3014/2024 26.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı MM QBKT-nin Cavabdeh1 qarşı «borcun ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X3-Bank Kredit Təşkilatının nümayəndəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək təşkilatın xeyrinə cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4311,36 manat, faiz borcu üzrə 113,62 manat, cərimə borcu üzrə 0 manat olmaqla cəmi 4424,98 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 64,25 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı X3-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, mülki iş üzrə Cavabdeh2 vəfat etməsi halı aşkar edilmişdir. Bu səbəbdən yalnız Cavabdeh1 əsas borc üzrə 4311,36 manat, faiz borcu üzrə 113,62 manat, cərimə borcu üzrə 0 manat olmaqla cəmi 4424,98 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 64,25 manat məbləğdə vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tətbiq edilməli olan hüquq normaları baxımından hüquqi dəyərləndirmə aparıb belə nəticəyə gəlir ki, mülki iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq xitam verilməlidir. İş materiallarında olan AZ İİ 331985 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Daha sonra isə iddiaçı iddia tələbinin həcmini azaltmış və borcun yalnız zamin Cavabdeh1 tutulmasını xahiş etmişdir. Hansı ki, kreditor borclanın vəfat etməsini məhkəməyə müraciət etməzdən əvvəl müəyyən etməli, habelə, onun vərəsələrinin müəyyən olunması yolunda addımlar atmalı idi. Bununla bağlı məhkəmə diqqətin Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh X1 ölməsi və tələbin birbaşa olaraq zamindən tələb edilməsi hazırki durumda işin məhkəmə qaydasında baxılmalı olmasını aradan qaldırır. Bu yanaşma yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən doğur. Göstərilənlər isə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır.Həmin normada göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bununla belə məhkəmə Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə uyğun olaraq onu da diqqətə çatdırır ki, iddiaçı kreditor tərəfindən borclunun vərəsələri müəyyən edilməklə onlara qarşı iddia qaldırıla bilər. Çünki borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə kreditor zaminə qarşı tələb irəli sürə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (Mülki Prosessual Məcəllənin 262.1, 262.4 və 262.5-ci maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 261.0.1, 262.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı MM QBKT-nin Cavabdeh1 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İzah edilir ki, kreditorun ilk növbədə borclunun vərəsələrinə, vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə zaminə qarşı iddia qaldırmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar