Məhkəmə qərarları › İş №e-2(062)-328/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-328/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-328/2025 20.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC Cavabdeh iddiaçı BOKT İddiaçı ASC-nin xeyrinə Kredit Müqaviləsinə əsasən 1300 manat qalıq, 76.30 manat cərimə, cəmi 1376.30 manat borcun və 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 2024/000001ET-016441/3 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə 1300 manat məbləğində krеdit vеrilmişdir. Müqavilənin 1.2-ci bəndinə uyğun olaraq, müqavilənin imzalamasından 5 bank günü ərzində yuxarıda qeyd edilən məbləğ cavabdeh tərəfindən 01 ədəd Kondisioner Carrier 42QHA012NP markalı ev əşyasının alınması üşün xx.xx.2024-cü il tarixli 40013110 nisyə alqı-satqı müqaviləsinə və təhvil-təslim aktına əsasən "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialında olan hesabına köşürülmüşdür. Cavabdeh tərəfindən kredit üzrə ödənişlərin mütəmadi olaraq pozulduğuna və kredit müqaviləsinin tələblərinə əməl olunmadığına görə borcun ondan tələb edilməsi üçün məhkəməyə müraciət edilməsi üçün əsaslar yaranmışdır. BOKT İddiaçı ASC cavabdehə dəfələrlə müraciət edərək borcun ödənilməsini xahiş etmişdir. Bu səbəbdən BOKT İddiaçı ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmiş, lakin göstərilən kredit bu günə kimi ödənilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarılmamışdır. xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 1300 manat məbləğində qalıq, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 76.30 manat məbləğində dəbbə pulu, cəmi 1376.30 manat məbləğində borcu yaranmışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan borcverən Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 2024/000001ET-016441/3 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə 1300 manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan borc haqqında arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcu 1300 manat qalıq, 76.30 manat cərimə, cəmi 1376.30 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı bu müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etsə də, borcalan öhdəliklərini vaxtında icra etməmişdir. Buna görə iddiaçı əsas və cərimə borcunun borcalandan tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, cavabdehdən iddiaçının ödədiyi 34 manat dövlət rüsumunu da alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tariхli kredit müqaviləsinə əsasən Cavabdeh 1300 manat qalıq, 76.30 manat cərimə, cəmi 1376 (bir min üç yüz yetmiş altı) manat 30 (otuz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar