Məhkəmə qərarları › İş №e-2(062)-3715/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3715/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3715/2025 24.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakimi Hünmətov Zaur Adil oğlu, «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Ömer Yiğit Ahmet oğluna qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Ömer Yiğit Ahmet oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan 3383.92 manat əsas, 57.32 manat faiz, 178.03 manat cərimə, cəmi 3619.27 manat borc və 56.19 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə «X1 Azərbaycan» QSC və Ömer Yiğit Ahmet oğlu arasında Bank hesabı, debet kartı, kredit karti və zaminlik haqqında qarışıq (Worldcard kredit kartı) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Ömer Yiğit Ahmet oğluna istehlak yönümlü 4000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. "Kart/əlavə kart sahibi hemin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürmüşdür. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Ömer Yiğit Ahmet oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi ve yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etmemiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1” QSC-yə olan borcu 3383.92 manat əsas, 57.32 manat faiz, 178.03 manat cərimə, cəmi 3619.27 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Ömer Yiğit Ahmet oğluna istehlak yönümlü 4000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. - «X1 Azərbaycan» QSC-nin maliyyə arayışından görünür ki, Ömer Yiğit Ahmet oğlunun 3383.92 manat əsas, 57.32 manat faiz, 178.03 manat cərimə, cəmi 3619.27 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Ömer Yiğit Ahmet oğlu kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 56.19 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Ömer Yiğit Ahmet oğlundan 3383.92 manat əsas, 57.32 manat faiz, 178.03 manat cərimə, cəmi 3619 (üç min altı yüz on doqquz) manat 27 (iyirmi yeddi) qəpik borcun və 56 (əlli altı) manat 19 (on doqquz) qəpik dövlət rüsumu tutularaq «X1 Azərbaycan» QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar