Məhkəmə qərarları › İş №e-2(062)-3800/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3800/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3800/2025 12.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi ilə, İddiаçı İddiaçı BOKT” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin tutulması” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı BOKT” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT” ASC-nin xeyrinə 9883.39 manat əsas borc, 5.94 manat faiz borcu və 1976.67 manat cərimə borcu olmaqla, cəmi 11866 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 125.60 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı BOKT” ASC arasında xx.xx.2019-cu il tarixli, 023/419 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, 5 il müddətinə, 1 faiz ilə 9999.67 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 ilə İddiaçı BOKT” ASC arasında xx.xx.2019-cu il tarixli, 023/419 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikasına fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı BOKT” ASC ilə Cavabdeh1 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktruzasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabdeh bu müqavilə üzrə öhdəliklərini qəsdən icra etməkdən imtina edir. Cavabdehə xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. xx.xx.2019-cu il tarixli, 023/419 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 9883.39 manat əsas borc, 5.94 manat faiz borcu və 1976.67 manat faiz borcu olmaqla, cəmi 11866 manat borcu vardır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdehlərə məhkəmə bildirişidə digər hüquqları ilə yanaşı iddia tələbinə etiraz etmək hüquqları izah edilmiş, lakin iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2019-cu il tarixli, 023/419 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT” ASC tərəfindən Cavabdeh1 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 9999.67 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 023/419 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 İddiaçı BOKT” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 9883.39 manat əsas, 5.94 manat faiz, 1976.67 manat cərimə borcu olmaqla, ümumilikdə 11866 manat borcu vardır. xx.xx.2025-ci il tarixli İddiaçı BOKT” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixli, 023/419 saylı kredit müqaviləsi üzrə yaranmış borcun 7 gün müddətinə ödənilməsi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 023/419 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 5 il müddətinə illik 1% ödəmək şərtilə, 9999.67 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 023/419 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmışlar. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 023/419 saylı kredit müqaviləsi bağlanmış və onun təminatı olaraq da zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən də tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdehlər öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdehlər bu davranışı ilə MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 9883.39 manat əsas, 5.94 manat faiz, 1976.67 manat cərimə borcu olmaqla, ümumilikdə 11866 manat borcu vardır. Məhkəmə tələb edilən əsas və faiz borcunun məbləği ilə razılaşır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini ilə əlaqədar qeyd edir ki, MMnin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresion səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, tələb edilən 1976.67 manat cərimə məbləği əsas borca mütənasib deyil və tənasübsüz surətdə yüksək məbləğdir. Odur ki, cərimənin məbləği azaldılaraq 90 manat müəyyən edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi məbləğin ödənilmiş tələblərin məbləğinə mütənasib hissəsi – 119.79 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 9883.39 manat əsas borc, 5.94 manat faiz borcu və 90 manat cərimə borcu olmaqla, cəmi 9979.33 manat məbləğində borc və ödənilmiş 119.79 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 9883.39 (doqquz min səkkiz yüz səksən üç manat, otuz doqquz qəpik) manat əsas borc, 5.94 (beş manat doxsan dörd qəpik) manat faiz borcu və 90 (doxsan) manat cərimə borcu olmaqla, cəmi 9979.33 (doqquz min doqquz yüz yetmiş doqquz manat otuz üç qəpik) manat məbləğində borc və ödənilmiş 119.79 (bir yüz on doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar