Məhkəmə qərarları › İş №e-2(062)-3991/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3991/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3991/2025 21.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 Kamil qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Kamil qızına və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, "xxxx" ASC (bundan sonra – iddiaçı və ya Bank) Şamaxı filialı ilə X5 (borcalan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE002813915 saylı istehlak kredit müqaviləsinə əsasən elektron təsdiq vasitəsilə (OTP kod) X4 48 ay müddətinə illik 17.9 faiz olmaqla 20000 manat məbləğində nəğd kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Tovuz regional ASAN xidmət mərkəzinin Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 2635 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1 Kamil qızı və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Şamaxı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2024-cü il tarixli CL-EE002813915 saylı istehlak kredit müqaviləsinə əsasən nəğd kredit üzrə 17,997.65 manat əsas borc olmaqla cəmi 17,997.65 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Kamil qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024cü il tarixli, CL-EE002813915 nömrəli istehlak müqaviləsinə əsasən nəğd kredit üzrə 17997.65 manat əsas borc olmaqla, cəmi 17997.65 manat borcun və 143.99 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh vəfat etmiş, vərəsələri Cavabdeh1 Kamil qızı və Cavabdeh2 müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Kamil qızı bildirdi ki, ailədə tək işləyən odur. Miras olaraq mərhumdan yalnız mersedes markalı avtomobil qalmışdır. Həmin avtomobilin dəyəri 6000-6500 manat civarındadır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-1262 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun vərəsələri arvadı Cavabdeh1 Kamil qızı ilə qızı Cavabdeh2dır. Tovuz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BD431983 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020181A628451, mühərrik nömrəsi **********1511 və buraxılış ili 1998-ci il olan Mersedes Benz C180 minik markalı **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan “Fərid R” şirkətinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Mersedes Benz C180 sedan qara avtomobilin hal-hazırki dövrdə bazar qiyməti 6000- 6500 manat civarındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Məhkəmə tərəfindən notariat orqanından miras qoyanın mirası barədə sübutlar istənilmiş və miras qoyanın xx.xx.2023-cü il tarixli BD431983 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 1998-ci il buraxılışlı MERCEDES BENZ C180 minik markalı 20EC608 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Mülki Məcəllədə sübut etmə yükü miras qoyanın vərəsələrinin üzərinə qoyulsa da, prosessual normaların məcmusunu təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında müəyyən edidi ki, mirasdan alınmış aktivin ümumi dəyəri 6000- 6500 manat civarındadır. Bunun əksini təsdiq edən sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqlarından, cavabdehlərin hər birindən 3000 manat pul ayrı-ayrılıqda tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 3000 (üç min) manat Cavabdeh1 Kamil qızından, 3000 (üç min) manat Cavabdeh2 ayrı-ayrılqıda, ödənilmiş dövlət rüsumunun əvəzi olan 80 manat müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar