Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-690/2025 14.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin cavabdeh Naiqin-K Tovuz Baltiya MMC-nə qarşı «maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi cavabdeh Naiqin-K Tovuz Baltiya MMCnə qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 9851 manat pulun alınaraq şöbəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclu bank tələbkar Naiqin K Tovuz Baltiya MMC-yə ödənilməli olan 50020 manat məbləğdə vəsaiti sonuncunun hesabına köçürtmüşdür. Tələbkar Naiqin K Tovuz Baltiya MMC Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə müraciət edərək, yanlış məlumatlar verməklə icra sənədinin icra olunmadığını əsas gətirmiş, bu səbəbdən onun icra sənədinin icrasının tələbi nəticəsində icra sənədi üzrə tələbkar Naiqin K Tovuz Baltiya MMC-yə ödənilməli olan 50020 manat vəsait təkrarən borclu Nikoyl İKB ASC-dən tutularaq tələbkarın hesabına köçürülmüşdür. Buna görə də sonuncu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddia təmin edilərək, Nəsimi rayon İcra şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50021 manat, cəmi 53521 manat pul vəsaitin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsinin Nəsimi rayon İcra şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi rayon icra şöbəsi cavabdeh Naiqin-K Tovuz- Baltiya MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına ödənilmiş 50020 manat məbləğində pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilmiş və qəbul edilən xx.xx.2024-cü il tarixli qətnamə ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmişdir. İddia tələbi təmin edilərək cavabdeh Naiqin-K Tovuz-Baltiya MMC-dən 50020 manat vəsaitin tutularaq iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Yelo Bank ASC (Nikoyl İKB) tərəfindən cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı pul təbbinə dair iddia qaldırılaraq, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi olaraq 19178,36 manat pul vəsaitinin və 148 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanuni qüvvədə olan məhkəmə aktı ilə iddia tələbi qismən təmin edilmiş və 9775,76 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2894/2024 saylı Qərarı). Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) X2 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1158 saylı qətnaməsindən görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi cavabdeh Naiqin-K Tovuz-Baltiya MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına ödənilmiş 50020 manat məbləğində pul vəsaitinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 2(062)-166/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin cavabdeh Naiqin-K Tovuz-Baltiya MMC-yə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Naiqin-K Tovuz-Baltiya MMC-dən 50020 manat vəsaitin tutularaq iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh Naiqin-K Tovuz-Baltiya MMC tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Yelo Bank ASC cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi olaraq 19.178,36 manat pul vəsaitinin və 148 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 9.775 manat və 76 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1884/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə vurulmuş maddi ziyanın ödənilməsi üzrə yaranmışdır. İddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin «kompensasiya» funksiyasından yəni «bərpaedici» funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)-291/2017 nömrəli icra sənədinə əsasən borclu Nikoyl İKB Açıq Səhmdar Cəmiyyətindən iddiaçı Naiqin-K Tovuz Baltiya MMC-nin xeyrinə işgüzar nüfuza vurulmuş zərərə görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutulması müəyyən edilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmiş və həmin icra şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən 27 sentyabr 2017-ci il tarixli 279740 saylı qərar ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 27 sentyabr 2017-ci il tarixli bildiriş ilə borclu Nikoyl İKB ASC-yə icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. xx.xx.2017-ci il tarixli, 2629 saylı ödəniş tapşırığı ilə Nikoyl İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naiqin Ko "xxxx" MMC-nin hesabına 50020 manat pul köçürülmüşdür. Habelə, Naiqin-K Tovuz Baltiya MMC Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə müraciət edərək, yalnış məlumatlar verməklə icra sənədinin icra olunmadığını əsas gətirərək onun icra sənədinin icrasının tələbi nəticəsində icra şöbəsinin 20 oktyabr 2017-ci il tarixli 71 saylı ödəniş tapşırığı əsasında icra sənədi üzrə tələbkar Naiqin K Tovuz Baltiya MMC-yə ödənilməli olan 50020 manat vəsaitin təkrarən borclu Nikoyl İKB ASC-dən tutularaq tələbkarın hesabına köçürülməsinə nail olmuşdur. Bu səbəbdən Nikoyl İKB Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia qaldırmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Nəsimi rayon icra və probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50021 manat, cəmi 53521 manat pul vəsaitin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsinin Nəsimi rayon icra şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi cavabdeh Naiqin-K Tovuz-Baltiya MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına ödənilmiş 50020 manat məbləğində pul vəsaitinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1158 saylı qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin cavabdeh Naiqin-K Tovuz-Baltiya MMC-yə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Naiqin-K Tovuz-Baltiya MMC-dən 50020 manat vəsaitin tutularaq iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı Yelo Bank ASC cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi olaraq 19.178,36 manat pul vəsaitinin və 148 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 9.775 manat və 76 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Göstərilən qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarı). Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarı). Məhkəmə göstərir ki, cavabdeh Naiqin-K Tovuz-Baltiya MMC iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı mülki hüquq pozuntusu törətməklə ona maddi ziyan vurmuşdur. Çünki, qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən göründüyü kimi iş üzrə tələbkar tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2- 2(102)-291/2017 saylı icra sənədinin icrası ilə bağlı hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə həqiqətə uyğun olmayan məlumat verməsi nəticəsində icra orqanı tərəfindən borclunun bank hesabına inkasso sərəncamı qoyulmuş və sözügedən icra sənədi üzrə Naiqin-K Tovuz-Baltiya MMC-yə ödənilməli olan 50020 manat vəsait ikinci dəfə borcludan tutularaq tələbkarın hesabına köçürülmüşdür. Həmin məbləğ bankın tələbi üzrə icra şöbəsindən məhkəmə qətnaməsi əsasında tutulmuş, habelə, əldən çıxmış fayda kimi də digər qanuni qüvvəsini almış qətnamə ilə icra şöbəsindən 9775 manat pulun və ödənilmiş 76 manat dövlət rüsumunun da tutulması da qət edilmişdir. Məhz bu səbəbdən sonuncu məbləğ də haqlı olaraq hazırda cavabdehdən tələb edilir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Naiqin-K Tovuz Baltiya MMC-dən 9851 manat məbləğdə pul tutularaq Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 118,51 manat pul vəsaiti alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Naiqin-K Tovuz Baltiya MMC-dən 9851 (doqquz min səkkiz yüz əlli bir) manat məbləğdə pul tutularaq iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilməli olan 118,51 (bir yüz on səkkiz manat əlli bir qəpik) manat pul cavabdeh Naiqin-K Tovuz Baltiya MMC-dən alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-690/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-690/2025
14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver