Məhkəmə qərarları › İş №e-2(062)-724/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-724/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-724/2024 27.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1557,79 manat məbləğində pulun və 35,58 manat məbləğində dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 "xxxx" ASC ilə 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdehə istehlak məqsədləri üçün 29 ay müddətinə, illik 36%-lə olmaqla ilkin 1200 manat kredit ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən borcalan kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. X2 25 dekabr 2018-ci ildə vəfat etmişdir. Tovuz rayon Notariat Ofisinin 12 sentyabr 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, mərhumun vərəsələri kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tanınmışdır. Ona görə də müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 bu günədək borcu geri qaytarmamışdır. Bu günki günə borcluların kreditor qarşısında 1557,79 manat məbləğində icra edilməmiş öhdəliyi vardır. Bu barədə dəfələrlə şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 903,35 manat əsas, 519,9 manat faiz, 135,25 manat müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla olan faiz borcu olmaqla, cəmi 1557,79 manat məbləğində vəsaitin və 35,58 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının tələbinə dair cavabdehlərə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər iddiaçının tələbinə dair məhkəməyə etiraz verməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş borc müqaviləsinin surətindən, həmin müqaviləyə əlavədən və maliyyə arayışından görünür ki, iddiaçı təşkilat tərəfindən X1 istehlak məqsədləri üçün 29 ay müddətinə, illik 36%-lə olmaqla ilkin 1200 manat kredit ayrılmışdır. X2 25 dekabr 2018-ci ildə vəfat etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 onun vərəsələridir. Müqaviləyə əsasən mərhumun borcunu tam ödənişməmişlər və nəticədə iddiaçı təşkilatın qənaətinə görə, cəmi 1557,79 manat borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə görə, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi, Cavabdeh2 və qeyriləri müqavilənin qeyd olunan şərtlərini pozaraq borcun ödənilməsini təmin etməmişdir, ona görə də müqavilə üzrə 903,35 manat əsas borcu qalmışdır. Eyni zamanda iddiaçı tərəfdən 519,9 manat faiz borcu göstırilmişdir. Məhkəmə həmin faiz məbləği ilə razılaşmır. Belə ki, işə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, faiz borcu müqavilə müddətində 610,09 manat olmalı idi. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən faiz borcu üzrə 315,35 manat ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, müqavilə müddətinin sonuna qədər faiz borcu 294,74 manat olmalıdır. Məhkəmə hesab edir ki, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla olan faiz borcu 135,25 manat hissə rədd edilməlidir. Vərəsələr yalnız ölmüş borclunun borclarına məsuliyyət daşıyırlar. Uzun müddət məhkəməyə müraciət edilməməsi borc verənin laqeydliyi ucbatından olmuşdur. Vərəsələr miras qoyanın müqavilə üzrə öhdəliklərinə, yəni mövcud olan və miras qoyanın ölümü ilə xitam olunmayan öhdəliyinə cavabdehlik daşıyır. Ona görə də iddianın müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 135,25 manat faiz borcuna aid hissəsi təmin edilməməlidir. Ödəniş tapşırığından görünür ki, ərizənin məhkəməyə təqdim edilməsi üçün 35,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəsilə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 903,35 manat əsas, 294,74 manat faiz borcu olmaqla, cəmi 1198,09 və ödənilmiş 32 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 903,35 manat əsas, 294,74 manat faiz borcu olmaqla, cəmi 1198,09 və ödənilmiş 32 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar