Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-771/2024 05.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı «X1 Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı «X1 Kredit Təşkilatı» MMC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 6000 manat əsas, 1164,99 manat faiz, 1218 manat cərimə borcu olmaqla 8382,99 manat kredit borcunun, dövlət rüsumu kimi ödənilmiş 109 manat pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə 480 manat pulun tutulması, tələbin girov predmeti olan 81,6 qram çəkisi olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cavabdehin kredit müqaviləsi üzrə kredit borcunun, dövlət rüsumu kimi ödənilmiş 109 manat pulun və vəkilin göstərdiyi hüquqi yardıma görə 480 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1 Kredit Təşkilatı» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 30 faiz olmaqla 18 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı olaraq tərəflər arasında xx.xx.2023-cü il tarixli, 4263/2023-G saylı girov müqaviləsi bağlanılmış və cavabdeh ümumi çəkisi 81,6 qram olan qızıl-zinət əşyalarını girov qoymuşdur. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliyini icra etmir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 6000 manat əsas, 1164,99 manat faiz, 1218 manat cərimə borcu olmaqla 8382,99 manat kredit borcu yaranmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə təşkilatın iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor «X1 Kredit Təşkilatı» MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4263/2023 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana illik 30 faiz ödəmək şərti ilə 18 ay müddətinə 6000 manat kredit verilmişdir. Girovsaxlayan «X1 Kredit Təşkilatı» MMC ilə girovqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4263/2023 –G saylı girov müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini məqsədi ilə girovqoyan özünəməxsus çəkisi 42 qram olan 750 əyarlı bir ədəd qarnitur (qırıq), çəkisi 4,1 qram olan bir ədəd 750 əyarlı boyunbağı, çəkisi 10,4 qram olan bir ədəd 583 əyarlı boyunbağı, çəkisi 1,1 qram olan 585 əyarlı bir ədəd klon və çəkisi 24 qram olan bir ədəd 583 əyarlı saat qolbaqdan ibarət qızıl zinət əşyalarını girova qoymuşdur. Kreditor «X1 Kredit Təşkilatı» MMC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə kreditora 6000 manat əsas, 1164,99 manat faiz, 1218 manat cərimə borcu olmaqla 8382,99 manat borcu vardır. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və girov müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2023-cü il tarixli, 4263/2023 saylı kredit müqaviləsi dayanır. Məhz kreditor həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan xx.xx.2023-cü il tarixli, 4263/2023 saylı kredit müqaviləsini Mülki Məcəllənin 390cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamış, bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, borcalanın kredit müqaviləsi üzrə 6000 manat əsas, 1164,99 manat faiz, 1218 manat cərimə borcu olmaqla 8382,99 manat kredit borcu vardır. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə dəbbə pulu ilə bağlı gələcəyi nəticəni daha ətraflı işıqlandırmaq üçün qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır». Dəbbə pulu tələbi də müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Dəbbə pulu təsir tədbiri olaraq borclunu müqavilə öhdəliyinin icrasında intizamlandırır, öhdəliyin lazımi qaydada və vaxtında icrasına vadar edir. Nəzərə alınmalıdır ki, hər hansı təsir tədbiri qarşıya qoyulan məqsədə adekvat olmalıdır. Bu mənada dəbbə pulunun hesablanmasında sadə riyazi hesablama kifayət deyildir. Hesablama zamanı həm də Mülki Məcəllənin 467-ci maddəsində bəhs olunan tənasüblük baxımından işin halları nəzərə alınmılıdır. Əks halda dəbbə (cərimə) hesablanması onun hüquqi mahiyyətinə zidd olar, maddi təsir tədbirinin yol verilən həddini aşaraq əsassız müdaxilə xarakteri almış ollar. Bu baxımdan işin hallarını təhlil edərək məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləği tərəflərin əmlak vəziyyətinə və mənafelərinə uyğun deyildir. Məhkəmə hesab edir ki, cərimənin məbləğinin 100 manat həddində müəyyən edilməsi qanuni və əsaslı olar. Tələbin tutmanın girov predmetinə yönəldilməsi barədə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (Mülki Məcəllənin 269.1-269.4-cü maddələri). Girovun və ipotekanın əmələ gəlmə əsaslarından bəhs edən Mülki Məcəllənin 270.1-ci maddəsində göstərilmişdir ki, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 272-ci maddəsində qeyd olunmuşdur ki, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Mülki Məcəllənin 276.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir (Mülki Məcəllənin 280.1, 281.1 və 281.2-ci maddələri. Mülki Məcəllənin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 301-ci maddəsində qeyd olunmuşdur ki, saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Sadalanan maddi hüquq normalarını hüquqi cəhətdən qiymətləndirən məhkəmə göstərir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün tutmanın girov predmetinə yönəldilməsi tələbini irəli sürməkdə iddiaçı haqlıdır. Hazırda da cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün tələb həmin əmlaklara yönəldilməli, əmlaklar açıq hərracdan satılmaqla satışından əldə olunan pul vəsaiti kredit borcunun tutulmasına yönəlməlidir. Bununla yanaşı məhkəmə onu da diqqətə çatdırır ki, tələbin “girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa cavabdehdən qalan borcun tutulması” hissəsi təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli Qərarının 2.4 və 5-ci bəndlərində göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə göstərir ki, iddia tələbinin yuxarıda göstərilən hissəsi hazırda hüquqi qiymət verilməli olan hal deyildir. Həmin hissə özlüyündə qeyri-müəyyənlik əks etdirir. Eyni zamanda girov predmetlərinin satışından əldə olunan pul vəsaiti banka olan borcun ödənilməsinə yetərli olmayacağı halda qətnamənin icrası üçün icra məmurları tərəfindən məcburi icra tədbirləri həyata keçiriləcəkdir. Bu kimi tədbirlər isə “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Belə ki, həmin Qanunun 43.1-ci maddəsində göstərilmişdir ki, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 109 manat manat pulun əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Vəkilə ödənilən xidmət haqqı kimi cavabdehdən 480 manat məbləğdə pulun tutulması ilə bağlı məhkəmə göstərir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə bu məbləğin 50 manat müəyyən edilməsini ağlabatan hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 6000 manat əsas, 1164,99 manat faiz, 100 manat cərimə borcu olmaqla 7264,99 manat kredit borcunun «X1 Kredit Təşkilatı» MMC –nin xeyrinə tutulması, tələbin cavabdehə məxsus çəkisi 42 qram olan 750 əyarlı bir ədəd qarnitur (qırıq), çəkisi 4,1 qram olan bir ədəd 750 əyarlı boyunbağı, çəkisi 10,4 qram olan bir ədəd 583 əyarlı boyunbağı, çəkisi 1,1 qram olan 585 əyarlı bir ədəd klon və çəkisi 24 qram olan bir ədəd 583 əyarlı saat qolbaqdan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cavabdehin kredit müqaviləsi üzrə kredit borcu, vəkilə ödənilmiş pulun əvəzi kimi 50 manat və dövlət rüsumu kimi keçirilmiş 38 manat pulun ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 4263/2023 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas, 1164,99 manat faiz, 100 manat cərimə borcu olmaqla 7264,99 (yeddi min iki yüz altmış dörd manat doxsan doqquz qəpik) manat borc «X1 Kredit Təşkilatı» MMC –nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 109 (bir yüz doqquz) manat pulun əvəzi Cavabdeh alınaraq «X1 Kredit Təşkilatı» MMC-yə verilsin. Vəkil tərəfindən edilmiş hüquqi yardıma görə ödənilmiş pulun əvəzi kimi Cavabdeh 50 (əlli) manat pul alınaraq X1 Kredit Təşkilatı» MMC-yə verilsin. Tələb Cavabdeh məxsus çəkisi 42 qram olan 750 əyarlı bir ədəd qarnitur (qırıq), çəkisi 4,1 qram olan bir ədəd 750 əyarlı boyunbağı, çəkisi 10,4 qram olan bir ədəd 583 əyarlı boyunbağı, çəkisi 1,1 qram olan 585 əyarlı bir ədəd klon və çəkisi 24 qram olan bir ədəd 583 əyarlı saat qolbaqdan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh kredit müqaviləsi üzrə kredit borcu, vəkilə ödənilmiş pulun əvəzi kimi 50 manat və dövlət rüsumu kimi keçirilmiş 109 manat pulun ödənilməsi təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-771/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-771/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver