Məhkəmə qərarları › İş №e-2(062)-90/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-90/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-90/2025 13.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9000 manat məbləğində əsas borc, 50 manat mediasiya xərci, 10 manat poçt xərci, 110 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 9170.40 manatın cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixli əmrlə İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və 3 ilə yaxın müddətdə şirkətdə çalışmışdır. Malların hesablanması zamanı müəyyən edilmişdir ki, cavabdeh 9000 manat məbləğində şirkətə məxsus malları mənimsəmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə müraciət edilmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh PB-də verdiyi izahatında İddiaçı MMC-yə 9000 manat məbləğində borcu olduğunu etiraf etmiş və 3 ay müddətində ödəyəcəyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu ödəmir. Bununla bağlı mediasiyaya müraciət edilmiş, lakin heçbir nəticə əldə edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq tələbini müdafiə etdiyini və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, G-001/20 göstərişin surətindən görünür ki, şirkətin fəaliyyəti ilə bağlı olaraq yüklərin (malların) satışını, daşınması və paylanmasını həyata keçirən işçilər tərəfindən yüklərin (malların) satışı, daşınması və paylanması zamanı yüklərin (malların) itirilməsi, məhv olması və zədələnməsi hallarının qarşısının alınması və “eyni zamanda yüklərin (malların) saxlanmasını, daşınması və paylanmasını həyata keçirən işçilər tərəfindən yüklərin (malların) itirilməsi, məhv olması və zədələnməsi hallarında şirkət qarşısında məsuliyyət daşımaları barədə məlumatlandırılmış və Cavabdeh qeyd edilmiş bütün şərtləri tam şəkildə oxuyaraq tanış olmuş, imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh (FİN xxxxxxx) yüklərin (malların) daşınması və çatdırılması məqsədilə 012305 saylı 05 Aprel 2022-ci il tarixli Malların Təhvil-Qəbul Aktı əsasında Cəmiyyətin anbarından 21655 manat məbləğində malları təhvil almış, onları təyinatı üzrə çatdırmamış və həmin mallara görə xx.xx.2023-cü il tarixinə Cəmiyyətə 21655 manat borcu qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, Maddə 42. 1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. 1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən isə işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, cavabdeh 9000 manat məbləğində şirkətə pul ödəməli olduğunu, yəni qeyd edilən məbləğdə ziyan vurduğunu etiraf etmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin aşağıdakı bəndlərinə əsasən

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c)təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi 110 manat pul, 50 manat mediasiya prosesində çəkilən xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat dəymiş ziyanın əvəzi¸50 (əlli) manat mediasiya xərci, 10 (on) manat poçt xərci, 110 (yüz on) manat ödənilmiş dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar