Məhkəmə qərarları › İş №e-2(063)-1009/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1009/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1009/2025 14.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit üzrə əsas borcun məbləği 500 manat, kredit üzrə taiz borcunun məbləği 25 manat, kredit üzrə hesablanmış cərimə məbləği 295 manat, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 80 manat olmaqla, cəmi 900 manat məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi "xxxx" BOKT MMC ilə cavabdeh arasında elektron qaydada 05 iyul 2024-cü il tarixli, **********002 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 1 ay müddətinə, illik 60,85 faiz, verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5,0 faiz, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 80 manat olmaqla, 500 manat məbləğdə kredit verilmişdir. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklər borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu müqavilə üzrə hüquqları (tələbləri) borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 fevral 2025-ci il tarixli, 1802/25 saylı "tələb hüququnun satılması haqqında" müqaviləyə əsasən cavabdehin "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları "xxxx" MMC-yə ötürülmüşdür. (18 fevral 2025-ci il tarixli, 1802/25 saylı müqavilə üzrə təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur). Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən cavabdehin 05 iyul 2024-cü il tarixli, **********002 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 500 manat, kredit üzrə faiz borcunun məbləği 25 manat, kredit üzrə hesablanmış cərimə məbləği 295 manat, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 80 manat olmaqla, cəmi 900 manat təşkil edir. 05 iyul 2024-cü il tarixli, **********002 saylı kredit müqaviləsinin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləği üzrə hər gecikdirilən gün üçün 0,85 faiz həcmində faiz tələb etmək hüququna malikdir. Həmin kredit müqaviləsinin 1.17-ci maddəsinin 4-cü bəndinə əsasən BOKT-un pozulmuş hüquqlarının müdafiəsi və müqavilə üzrə borc məbləğinin ödənilməsi üçün Azərbaycan Respublikasının məhkəmə orqanlarına müraciət etmək hüququ var. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanmışdır (bildiriş məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 23 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim edə və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 28 iyul 2025-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 05 iyul 2024-cü il tarixli, **********002 nömrəli kredit müqaviləsinin xüsusi şərtlərindən görünür ki, verilmiş kreditin məbləği 500 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq 25 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq faizlə 5 faiz, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 80 manat, illik faiz dərəcəsi 60,85 faiz, ödəniləcək ümumi məbləğ 605 manat, verilmiş kredit məbləğinin ödənilmə tarixi 04 avqust 2024-cü il müəyyən olunmuşdur. İşdə olan 18 fevral 2025-ci il tarixli, 1802/25 saylı müqavilə üzrə təhvil-təslim aktından görünür ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti (tələbkar) və "xxxx" MMC (yeni tələbkar) tərtib etdikləri aktda 18 fevral 2025-ci il tarixli, 1802/25 saylı müqavilənin 01,02,03 və 04 saylı əlavəsində göstərilən siyahını təhvil-təslim etmişlər. İşdə olan 21 may 2025-ci il tarixli, 6877 nömrəli arayışdan görünür ki, cavabdehin iddiaçıya olan kredit borcunun, faizlərin və peniyanın (cərimənin) arayış tərtib edilən tarixə 500 manat əsas, 25 manat faiz, 80 manat komissiya və 295 manat cərimə olmaqla, cəmi 900 manat borc mövcuddur. İşdə olan 21 may 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdə 3 iş günü ərzində gecikdirilmiş borcunun ödənilməsi və bu barədə məlumat verilməsi tələb edilmişdir. Əks halda tərəflərindən müqavilə öhdəliklərinə lazimi qaydada əməl edilmədiyi üçün tələb hüquqları çərçivəsində müqavilənin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq yaranmış borc məbləğinin tam şəkildə qaytarılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi prosedurlar həyata keçiriləcəyi göstərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, X3 küçəsi, ev 65-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə cavabdeh azad surətdə və şərtlərini müəyyənləşdirməklə kredit müqaviləsi bağlamışlar, müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmçinin "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə hazırkı iş üzrə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən cavabdehin "xxxx" BOKT MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüququ hazırkı iş üzrə iddiaçıya ötürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə kredit müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır və iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafeyinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, cavabdeh ilə müqavilə bağlanarkən cərimənin əldə ediləcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, kredit müqaviləsindən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən kredit müqaviləsi üzrə iddiaçının xeyrinə əsas borca görə 500 manat, faiz borcuna görə 25 manat, dəbbə puluna (cəriməyə) görə 50 manat, komissiyaya görə 80 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 685 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə əsas borca görə 500 (beş yüz) manat, faiz borcuna görə 25 (iyirmi beş) manat, dəbbə puluna (cəriməyə) görə 50 (əlli) manat, komissiyaya görə 80 (səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 685 (altı yüz səksən beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar