Məhkəmə qərarları › İş №e-2(063)-1022/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1022/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1022/2025 21.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4491,35 manat əsas, 371,62 manat faiz, 64,77 manat cərimə borcu olmaqla, cəmi 4927,74 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 69,68 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 01 oktyabr 2023-cü il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 11 mart 2024-cü il tarixində illik 26,5 faiz ödəmək şərtilə 5300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh, 20 noyabr 2023-cü il tarixində ərizə (aksept) imzalamaqla iddiaçının rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01 oktyabr 2023-cü il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi oferta müqaviləsinin 4.1.6-cı bəndinə əsasən bank, müştərinin maliyyə vəziyyətini yenidən araşdıra və nəticədə müştəriyə ayrılmış kredit xətti limitinin saxlanılması, artırılması, azaldılması və ya ləğv edilməsini həyata keçirə bilər. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 iyul 2025-ci il tarixinə iddiaçıya 4491,35 manat əsas, 371,62 manat faiz, 64,77 manat cərimə borcu olmaqla, cəmi 4927,74 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor-iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 25 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim edə və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Məhkəmə bildirişi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə çatdırılması üçün qeydiyyatda olduğu yer üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 avqust 2025-ci il tarixli, 5-80-11/2-1037/2025 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh hazırda Ucar şəhərində yoxdur, yaşadığı dəqiq ünvan nümayəndəliyə məlum deyildir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini və prosessual hüquq və vəzifələrinin izah olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 01 oktyabr 2023-cü il tarixli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair 02U/23 saylı standart şərtlərin 3.1, 3.1.2-ci bəndlərinə əsasən bank aşağıdakı hallarda, yəni vaxtı çatmış borcun (faizlər və/və ya haqlar daxil olmaqla) 90 gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və/və ya haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla), kreditin (o cümlədən kreditin vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı banka ödənilməli olan faiz və/və ya digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını müştəridən tələb edə bilər. Həmin şərtlərin 4.1.6-cı bəndinə əsasən bank, müştərinin maliyyə vəziyyətini yenidən araşdıra və nəticədə müştəriyə ayrılmış kredit xətti limitinin saxlanılması, artırılması, azaldılması və ya ləğv edilməsini həyata keçirə bilər. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, cavabdeh, iddiaçının 01 oktyabr 2023-cü il tarixli, 02U/23 saylı fiziki şəxslərə kreditin verilməsinə dair standart şərtləri ilə tanış olduğunu və onların bütün müddəaları ilə razı olduğunu göstərmişdir. İşdə olan iddiaçının 15 iyul 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının müştərisi olan cavabdehin 15 iyul 2025-ci il tarixinə kredit müqaviləsi üzrə iddiaçıya əsas məbləğ üzrə borcu 4491,35 manat, faiz üzrə borcu 371,62 manat, cərimə faizləri 64,77 manat, cəmi 4927,74 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 08 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehdən banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməsi təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, Nəsimi küçəsi, ev 83-A-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən kreditin verilməsi ilə bağlı göndərilmiş oferta şərtlərinə uyğun qaydada cavabdeh tərəfindən verilmiş razılıq əsasında cavabdehə 11 mart 2024-cü il tarixində illik 26,5 faiz ödəmək şərtilə 5300 manat məbləğində kredit xətti açılmışdır. Borclu-cavabdeh üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd olunan məbləğdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır və iddiaçının da kreditor kimi borcludancavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 69,28 manat dövlət rüsumu və 0,40 manat bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehdən kredit müqaviləsi üzrə iddiaçının xeyrinə əsas borca görə 4491,35 manat, faiz borcuna görə 371,62 manat, cəriməyə (dəbbə puluna) görə 64,77 manat, ödənilmiş dövlət rüsumuna görə 69,28 manat və bankın xidmət haqqına görə 0,40 manat, cəmi 4997,42 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə əsas borca görə 4491 (dörd min dörd yüz doxsan bir) manat 35 (otuz beş) qəpik, faiz borcuna görə 371 (üç yüz yetmiş bir) manat 62 (altmış iki) qəpik, cəriməyə (dəbbə puluna) görə 64 (altmış dörd) manat 77 (yetmiş yeddi) qəpik, ödənilmiş dövlət rüsumuna görə 69 (altmış doqquz) manat 28 (iyirmi səkkiz) qəpik və bankın xidmət haqqına görə 40 (qırx) qəpik, cəmi 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 42 (qırx iki) qəpik məbləğində pul tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar