Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1026/2024 21.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Şəhriyar Firuddin oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 5000 manat əsas, 746,8 manat faiz, 24,94 manat cərimə borcu olmaqla, cəmi 5771,74 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 78,12 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 10 oktyabr 2022-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 31 oktyabr 2022-ci il tarixində 35 ay müddətinə illik 27,6 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 31 oktyabr 2022-ci il tarixində ərizə-anket imzalamaqla iddiaçının rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 10 oktyabr 2022-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi oferta müqaviləsinin 5.9.1.8-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 01 avqust 2024-cü il tarixinə iddiaçıya 5000 manat əsas, 746,8 manat faiz, 24,94 manat cərimə borcu olmaqla, cəmi 5771,74 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor-iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərib, ərizədə mülki iş üzrə 21 oktyabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini göstərmiş, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə müqavilə bağlamışdır, ona 5000 manat kredit verilmişdir, o da krediti qaytarmışdır, lakin bankın əməkdaşına bu barədə məlumat versə də bunu nəzərə almamış, həmin məbləğdə pul kartda qalmışdır, sonradan həmin pulu kartdan çıxarıb bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə iş yoldaşlarına vermişdir, onlar da antiterror əməliyyatı zamanı şəhid olmuşlar. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq, cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 10 oktyabr 2022-ci il tarixi bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın 5.1-ci bəndinə əsasən bank borcalana mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 (otuz) faiz dərəcəsinədək bir neçə dəfə 10 000 manatadək (on min manat daxil olmaqla) və 60 ayadək kredit limiti ayırması, ona bank hesabı (cari, kredit) açması və ödəniş kartı təqdim etməsi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməsi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürməsi barədə iddiaçı tərəfindən təklif irəli sürülmüşdür. Həmçinin, həmin bənddən görünür ki, bu oferta borcalan tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə bankla borcalan arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Ödəniş kartı həm kredit, həm də debet kartı kimi istifadə oluna bilər. Debet kartına rəsmi internet səhifəsində yerləşdirilmiş tariflərə əsasən xidmət göstərilir. Kredit şərtləri isə saytda və mobil əlavədə yerləşdirilmiş tariflərlə tənzimlənir və müştəriyə mobil əlavə üzərindən təqdim edilir. İş materiallarında olan məlumatdan görünür ki, 31 oktyabr 2022-ci il tarixli ərizə və 10 oktyabr 2022-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən cavabdehə AGİD**********4 nömrəli kredit xətti açılmışdır. Kreditin başlama tarixi 31 oktyabr 2022ci il, kreditin bitmə tarixi 01 oktyabr 2025-ci il olmaqla 35 ay müddətinə illik 27,6 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit limiti müəyyən olunmuşdur. İşdə olan iddiaçının 01 avqust 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müştərisi olan cavabdehin 01 avqust 2024-cü il tarixinə kredit müqaviləsi üzrə iddiaçıya əsas məbləğ üzrə borcu 5000 manat, faiz üzrə borcu 746,8 manat, cərimə faizləri 24,94 manat, cəmi 5771,74 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 09 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehdən banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməsi təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən kreditin verilməsi ilə bağlı göndərilmiş oferta şərtlərinə uyğun qaydada cavabdeh tərəfindən verilmiş razılıq əsasında cavabdehə 31 oktyabr 2022-ci il tarixində 35 ay müddətinə illik 27,6 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit limiti müəyyən olunmuşdur. Borclucavabdeh üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd olunan məbləğdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdeh azad surətdə və məzmununu müəyyənləşdirməklə, habelə öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır və iddiaçının da kreditor kimi borcludancavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə cavabdehin iddia ilə bağlı etirazını əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu və bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğun olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 5000 manat, faiz borcuna görə 746,80 manat, cəriməyə (dəbbə puluna) görə 24,94 manat, bankın xidmət haqqına görə 0,40 manat və ödənilmiş dövlət rüsumuna görə 77,72 manat, cəmi 5849,86 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 5000 (beş min) manat, faiz borcuna görə 746 (yeddi yüz qırx altı) manat 80 (səksən) qəpik, cəriməyə (dəbbə puluna) görə 24 (iyirmi dörd) manat 94 (doxsan dörd) qəpik, bankın xidmət haqqına görə 40 (qırx) qəpik və ödənilmiş dövlət rüsumuna görə 77 (yetmiş yeddi) manat 72 (yetmiş iki) qəpik, cəmi 5849 (beş min səkkiz yüz qırx doqquz) manat 86 (səksən altı) qəpik məbləğində pul tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-1026/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1026/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver