Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1026/2025 28.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehdən 169,92 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 199,92 manat pulun iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış "Toyota Prius" markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil 13 iyun 2023-cü il tarixində Binəqədi rayon ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "BMC Procity 12 CNG” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə icbari sığortalar haqqında qanunvericiliyin zərərlərin birbaşa tənzimlənməsi qaydaları üzrə qeydə alınmış, tənzimlənmiş və "BMC Procity 12 CNG” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 169,92 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Binəqədi RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında müəyyən edilmişdir ki, "Toyota Prius" markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibti xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. “İcbari sığortalar haqqında” Qanunun 52-1-ci maddəsinə əsasən həmin maddədə qeyd olunan şərtlərin hər biri mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. “İcbari sığortalar haqqında” Qanunun 52-1.3 maddəsinə və davamında “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 29 iyun 2022-ci il tarixli, 25/2 nömrəli qərarının 5.1-ci maddəsinə əsasən isə, yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsindən sonra, zərərçəkənin sığortaçısı zərərvuranın sığortaçısından həmin sığorta ödənişini məbləğini qarşılıqlı hesablaşma qaydasına əsasən geri alır. Qeyd olunanlara əsasən baş vermiş sığorta hadisəsində dəymiş zərər zərərçəkən “BMC Procity 12 CNG” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığortaçısı “Azərsığorta” DSKŞ tərəfindən ödənilmiş, daha sonra həmin məbləğ qarşılıqlı hesablaşmaların tənzimlənməsi üçün nəzərdə tutulmuş “loto” sistemi vasitəsi ilə iddiaçı tərəfindən zərərçəkənin sığortaçısına ödənilərək nəticədə 169,92 manatlıq sığorta ödənişinin iddiaçı tərəfindən həyata keçirilməsi prosesi yekunlaşmışdır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən 23 may 2024-cü il tarixli, 0725/24 nömrəli məktubla cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 28 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Məhkəmə bildirişi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə çatdırılması üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 avqust 2025-ci il tarixli, 5-80-20/2-109/2025 nömrəli arayışından görünür ki, Ucar rayonu, Bərgüşad kəndi sakini, 1985-ci il təvəllüdlü Cavabdeh Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır, hazırda Bərgüşad kəndində yaşamır, dəqiq ünvanı nümayəndəliyə məlum deyildir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini və prosessual hüquq və vəzifələrinin izah olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 17411/2023 nömrəli ödəniş aktının surətindən və PQA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "Toyota Prius" markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 25 yanvar 2023-cü il tarixdən 25 yanvar 2024-cü il tarix üzrə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığorta edilmişdir. Sığorta hadisəsi 03 iyun 2023cü il tarixdə baş vermiş, ümumi zərərin məbləği və sığorta ödənişinin məbləği 169,92 manat və sığorta ödənişini alan "xxxx" MMC göstərilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 13 iyun 2023-cü il tarixdə, saat 23:23-də "Toyota Prius" markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi baş vermiş, X2 avtonəqliyyat vasitəsinin mülkiyyətçisi, Cavabdeh isə hadisə baş verdiyi anda sürücü kimi göstərilmişdir. İşdə olan Binəqədi Rayon Dövlət X7 vəzifəli şəxsi tərəfindən 29 iyun 2023-cü il tarixdə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İşdə olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı 13 sentyabr 2023-cü il tarixdə, 66450 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin hesabına 169,92 manat məbləğində pul-sığorta ödənişi köçürmüşdür. İş materiallarında olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt və sığorta ilə bağlı normaları, habelə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 25.1-ci və 25.1.8-ci maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda-bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, cavabdeh yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsininin sürücüsü kimi yolnəqliyyat hadisəsi yerindən yayınmağa görə inzibati məsuliyyətə cəlb edilmişdir, nəqliyyat vasitəsi icbari sığorta növündə sığorta olunduğundan dəymiş zərərə görə iddiaçı tərəfindən faydalanan şəxsə 169,92 manat sığorta ödənişi köçürülmüşdür. Qanunun tələbinə görə də subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır, həmçinin, qanunvericiliyin tələbinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən sığorta ödənişinə görə 169,92 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 199,92 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 169 (bir yüz altmış doqquz) manat 92 (doxsan iki) qəpik və ödənilmiş dövlət rüsumlarına görə 30 (otuz) manat, cəmi 199 (bir yüz doxsan doqquz) manat 92 (doxsan iki) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-1026/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1026/2025
28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver