Məhkəmə qərarları › İş №e-2(063)-1067/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1067/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1067/2024 31.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə birgə nikahlarından 26 dekabr 2014-cü ildə anadan olmuş X2 və 13 sentyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manatdan az olmamaqla sabit pul məbləğində alimentin və həmçinin mediasiya arayışının alınması üçün ödədiyi 50 manat rüsumun cavabdehdən onun xeyrinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə 17 aprel 2010-cu il tarixdə Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd icra nümayəndəliyində rəsmi nikah qeydə aldırmaqla evlənərək ailə qurmuşlar. Bu barədə eyni tarixdə həmin orqanda 07 saylı nikah qeydi aparılmışdır. Birgə nikahlarından 26 dekabr 2014-cü il təvəllüdlü X4 və 13 sentyabr 2016-cı il təvəllüdlü X5 anadan olmuşlar. Cavabdehlə xasiyyətləri tutmadığından və ailə münasibətlərinin bərpası qeyri-mümkün olduğundan aralarındakı nikah Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən, uşaqlar onun himayəsində saxlanılmışdır. Ucar Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanılması üçün onların yetkinlik yaşına çatanadək cavabdehdən hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Sonradan Ucar Rayon Məhkəməsinin müəyyən elədiyi alimentin miqdarının artırılması üçün yenidən məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(063)-420/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 26 dekabr 2014-cü təvəllüdlü X2 və 13 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 127 manat olmaqla, cəmi 254 manat sabit pul məbləğində alimentin onun xeyirinə tutulması qət edilmişdir. Hal-hazırda qızı X2 10 yaşı, oğlu X3 isə 8 yaşı var. Ucar Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 254 manatla indiki çətin dövürdə uşaqların paltarını, sağlamlığını, maddi təminatlarını və digər xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Onu da qeyd edir ki, həmin vaxtdan iki ilə yaxın vaxt keçmiş, bu zaman ərzində ölkədə inflyasiya baş vermiş, ərzaq və gündəlik təlabat malları, o cümlədən kommunal xidmətləri xeyli bahalaşmış, istehlak səbətinin qiyməti xeyli artmışdır. Cavabdehin ona ödədiyi 254 manat uşaqların tələbatını ödəmək üçün çox azdır. Bu məbləğ uşaqların heç bir tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincədir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Tərəfindən aralarındakı münasibətin mediasiya ilə həlli təklif edilmiş və alimentin miqdarının artırılmasına dair mübahisə üzrə 06 avqust 2024-cü il tarixdə ilkin mediasiya prosesi keçirilmiş, lakin cavabdehin mediasiya prosesindən imtina etməsi səbəbindən əlavə mediasiya prosesi baş tutmamış, yaranmış mübahisənin həlli üçün tərəfindən məhkəmədə iddia tələbi ilə çıxış etmək zərurəti yaranmışdır. Bununla bağlı mediator X7 tərəfindən MŞŞ/2024-MT01417 nömrəli arayış verilmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir, uşaqlar böyüdükcə atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Hazırkı dövrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək də tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də aliment tələbinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur. Cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada tərcümə və təsdiq edilmiş surətlərindən görünür ki, X4 26 dekabr 2014-cü ildə və X5 13 sentyabr 2016-cı ildə doğulmuşlar. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(063)- 420/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiası qismən təmin edilmiş, 26 dekabr 2014-cü il tarixdə doğulmuş X2 və 13 sentyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Ucar Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(063)- 316/2021 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan hər ay üçün hər uşağa 115 (bir yüz on beş) manat olmaqla, cəmi 230 (iki yüz otuz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq hər uşağa, hər ay üçün 127 (bir yüz iyirmi yeddi) manat olmaqla, cəmi 254 (iki yüz əlli dörd) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 26 dekabr 2014-cü il tarixdə doğulmuş X2 və 13 sentyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından məlumatdan görünür ki, iddiaçı, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81.1, 81.2, 81.3 ). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(063)-420/2022 nömrəli qətnaməsi ilə uşaqların-X2 və X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq hər uşağa, hər ay üçün 127 (bir yüz iyirmi yeddi) manat olmaqla, cəmi 254 (iki yüz əlli dörd) manat müəyyən edilmişdir. Halhazırda iddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və hər ay, hər uşağa 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən alınmasını tələb etmiş, lakin cavabdehin həmin məbləği ödəməyə imkan verən qazancının və gəlirlərinin olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə bu nəticəyə gəlir ki, uşaqların mənafeyi, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu (2022-ci ildə isə 193 manat, 2024-cü ildə 235 manat olması) nəzərə alınaraq, onların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər uşağa, hər ay üçün 165 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsaslanaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin məhkəmənin hazırkı iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsində, həmçinin 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, mülki prosessual qanunvericiliyinin qeyd olunan tələbinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən mediasiya xərcinə görə cavabdehdən 25 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, həmin hissədə iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 26 dekabr 2014-cü il tarixdə doğulmuş X2 və 13 sentyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(063)- 420/2022 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan hər ay üçün hər uşağa 127 (bir yüz iyirmi yeddi) manat olmaqla, cəmi 254 (iki yüz əlli dörd) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq hər uşağa, hər ay üçün 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat müəyyən edilsin və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 26 dekabr 2014-cü il tarixdə doğulmuş X2 və 13 sentyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. Cavabdeh mediasiya xərcinə görə 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar