Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-114/2025 18.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı sığorta ödənişi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14052,08 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 132,16 manat dövlət rüsumu, ümumilikdə 14184,24 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Toyota Corolla” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil 20 sentyabr 2023-cü il tarixində MİP230177 saylı müqavilə ilə iddiaçıda “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. 21 noyabr 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi “BMC Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtobus Bakı şəhəri ərazisində hərəkət edən zaman yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota Corolla” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı Şəhər DYPİ tərəfindən qəbul olunmuş qərarla “BMC Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilə 19000 manat məbləğində maddi zərər dəymişdir. MİP230177 saylı sığorta şəhadətnaməsinə və AKS240015 saylı sığorta ödənişi aktına əsasən iddiaçı tərəfindən cəmi 18900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar” haqqında Qanunun 56-cı maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə ödəniş 5000 manata qədər ola bilər. Cavabdehin hadisə zamanı idarə etdiyi “BMW Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Buna görə sığorta ödənişi məbləğinin 4847,92 manatı "xxxx" ASC tərəfindən ödənmişdir. Sığorta ödənişi məbləğinin qalan hissəsini cavabdehdən tələb edirlər. Buna görə də “BMW Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərib mülki iş üzrə 18 sentyabr 2025-ci il tarixinə təyin olunmuş baxış iclasının iştirakları olmadan baxaraq həmin mülki iş üzrə iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, 21 noyabr 2023-cü ildə idarə etdiyi “BMC Procity” markalı, ** JK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini-avtobusu idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat inzibati qaydada cərimə olunmuşdur. Hadisə nəticəsində “Toyota Corolla” markalı avtomobilə ziyan dəymişdir, amma tələb edilmiş və hesablanmış ziyanın miqdarı ilə razı deyildir, hesab edir ki, dəymiş ziyan həddindən çox hesablanmışdır. Həmçinin, idarə etdiyi avtobus "xxxx" ASC-də sığortalandığından ziyanın bir hissəsi ödənilmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, iş üzrə tədqiqat aparmış, ekspertin rəyi ilə razıdır, rəydə göstərilənlərə etirazı yoxdur. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli, MİP230177 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X4” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 20 sentyabr 2023-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək faydalanan şəxs Karakas Nusret olmaqla “avtonəqliyyat vasitələrinin sığortası (avtokasko)” növündə sığortalanmışdır. Sığorta məbləği 45000 manat, şərti azadolma məbləği 100 manat müəyyən edilmişdir. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Corolla” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı avtomobilin ehtiyat hissələri və xidmət üçün ödəniləcək məbləğ 19000 manat müəyyən edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli sığorta ödənişi aktının və ödəniş tapşrığının surətindən görünür ki, həmin aktda 100 manat franşiza (azadolma) məbləği qeyd olunmaqla 10 yanvar 2024-cü il tarixdə 18900 manat sığorta ödənişi iddiaçı tərəfindən Karakas Nusretin hesabına köçürülmüşdür. İş materiallarında olan Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərruatları barədə arayışdan görünür ki, 21 noyabr 2023cü il tarixdə, saat 18:40-da Bakı şəhərində “BMC Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti avtonəqliyyat vasitəsinin mülkiyyətçisi, Cavabdeh hadisə baş verdiyi anda sürücüsü kimi göstərilmişdir. İşdə olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən 22 noyabr 2023-cü il tarixdə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC-nin 04 avqust 2025-ci il tarixli, 02-171/25 nömrəli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən “Toyota Corolla” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 21 noyabr 2023-cü ildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği həmin vaxt mövcud olan orta bazar qiymətinə uyğun olaraq ümumilikdə 14320.0 (on dörd min üç yüz iyirmi) manat ziyan dəymişdir. Belə ki, ehtiyat hissələri üzrə 12040.0 (on iki min qırx) manat ziyan dəymişdir. Nəqliyyat vasitəsinin təmiri üçün 2280.0 (iki min İki yüz səksən) manat vəsait tələb olunur. X1 Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt və sığorta ilə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi sığortaçının vurulmuş zərərin əvəzini cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sığortaçı dəymiş zərərə görə sığortalıya yuxarıda göstərilən pul məbləğini ödəmiş, buna görə də həmin məbləği zərər vuran şəxsdən tələb edə bilər. Digər tərəfdən, qüsur aktında 19000 manat olması göstərilsə də ekspert rəyi (hesabatı) ilə 14320 manat olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, fiziki şəxsin sahibliyində olan nəqliyyat vasitəsi iddiaçı tərəfindən sığorta olunmuş və sığorta müddətində sığortalının sahibliyində olan nəqliyyat vasitəsinə cavabdehin təqsiri nəticəsində 19000 manat deyil, 14320 manat məbləğində zərər dəymiş, iddiaçı tərəfindən sığortalıya delikt nəticəsində vurulmuş zərər ödənilmiş və sığortalı da öz növbəsində zərər vuran şəxsə qarşı tələbini subroqasiya qaydasında sığortaçıya vermişdir. Həmçinin, iddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" Şirkəti ASC tərəfindən subroqasiya qaydasında dəymiş zərərin 4847,92 manat hissəsi iddiaçıya ödənilmişdir. Bununla da sığortaçının-iddiaçının sığortalıya ödədiyi ödənişi zərər vuran şəxsdən tələb etmək hüququ vardır. İş üzrə aparılmış rəydə (hesabatda) avtomobilə dəymiş zərərin 14320 manat, habelə sığorta şəhadətnaməsində azadolma məbləğinin və "xxxx" Şirkəti ASC tərəfindən sığorta ödənişinin bir hissəsinin ödənilməsi nəzərə alınmalı, buna görə də iddia qismən təmin edilməklə cavabdehdən dəymiş zərərə görə 9472,08 manat və ödənilmiş dövlət rüsumuna görə 89,08 manat, cəmi 9561,16 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, habelə mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə iddiaçıdan 114,08 manat və cavabdehdən 235,92 manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 9472 (doqquz min dörd yüz yetmiş iki) manat 8 (səkkiz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 89 (səksən doqquz) manat 8 (səkkiz) qəpik, cəmi 9561 (doqquz min beş yüz altmış bir) manat 16 (on altı) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 114 (bir yüz on dörd) manat 8 (səkkiz) qəpik və Cavabdeh 235 (iki yüz otuz beş) manat 92 (doxsan iki) qəpik məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-114/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-114/2025
18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver