Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-115/2024 25.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən cəmi 2620 manat məbləğin və ödənilmiş 46,20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsində İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialının sabiq müdiri X5 və həmin filialın əməkdaşları olmuş X4, X10, X6, habelə filialın əməkdaşları olmayan Cavabdeh2 və qeyriləri barədə aparılmış cinayət işindəİddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin ibtidai istintaqı aparılarkən istintaqın gəldiyi yekun nəticəyə görə İddiaçı QSC-yə təqsirləndirilən şəxslər tərəfindən 159500 manat ziyan vurulmuş, həmin ziyandan 109000 manat ödənilmiş, qalan 50500 manat ziyan məbləği isə təqsirləndirilən şəxslər tərəfindən ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxslərdən Cavabdeh2 İddiaçı QSC-yə vurulmuş 8339 manat məbləğindən bir hissəsini ödəmiş, qalan 4835 manat hissəsini isə ona vaxt verilməklə 36 ay müddətində həmin ziyan məbləğinin kredit təşkilatına ödənilməsini öz öhdəsinə götürdüyü nəzərə alınaraq dəymiş ziyanın ödənilməsi ilə bağlı ona qarşı Ucar Rayon Məhkəməsində cinayət işində mülki iddia qaldırılmamışdır. Ucar Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən cinayət işi ilə bağlı 06 avqust 2019-cu il tarixli, 1(063)-11 saylı hökm çıxarılmışdır. Belə ki, yuxarıda qeyd edilənlərlə əlaqədar iddiaçının Ucar filialı ilə Cavabdeh2 arasında bağlanmış 06 avqust 2019-cu il tarixli dəymiş ziyan məbləğinin hissə-hissə ödənilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 iddiaçıya vurmuş olduğu zyana görə 8339 manat ziyan məbləğini etiraf edir, həmin məbləğdən dərhal 3504 manat ödəniş etməklə, qalan 4835 manat məbləğin 36 ay müddətində tərəflər arasında təsdiq olunacaq qrafik əsasında ödənilməsini öz öhdəsinə götürmüşdür. 06 avqust 2019-cu il tarixli, ******** saylı müqavilə üzrə öhdəliklərinin icrasının təminatı kimi iddiaçının Ucar filialı ilə Cavabdeh1 arasında 06 avqust 2019-cu il tarixli, 07-********-dzm saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə göstərilən 4835 manat borcdan cavabdeh tərəfindən 2215 manat ödəniş aparılmış və qalıq borc hazırda 2620 manat təşkil edir. Göstərilən müqavilənin müddəti 06 avqust 2022-ci ildə başa çatmış və müqavilə öhdəliyi Cavabdeh2 tərəfindən icra olunmamışdır. Cavabdehlə bağlanmış müqavilənin 2.2-ci bəndinə görə borclu bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirilməsini öz üzərinə götürür. Lakin müqavilənin göstərilən şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. 2620 manat borcun ödənilməsi ilə bağlı Cavabdeh2 dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuş, borcun qısa müddətdə iddiaçıya ödənilməsi onun nəzərinə çatdırılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət etdikdən sonra da cavabdeh borcunu ödəməmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə dəymiş ziyanın hissə-hissə ödənilməsi barədə müqavilə bağlamışdır, digər Cavabdeh1 da buna zamin olmuşdur, maddi cəhətdən imkanı və qazancı olmadığından həmin ziyan məbləğinin bir hissəsinin vaxtında ödəyə bilməmişdir, ödəməkdən imtina etmir, hissə-hissə ödənilməsini təmin edəcəkdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan iddiaçının Ucar filialı ilə Cavabdeh2 arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, ********-dz nömrəli müqavilədən (dəymiş ziyanın hissə-hissə ödənilməsinə dair) görünür ki, Ucar Rayon Məhkəməsinin icraatında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialının sabiq müdiri X5 və həmin filialın əməkdaşları olmuş X4, X10, X7, habelə filialın əməkdaşları olmayan X8, Cavabdeh2 və X9 barədə cinayət işinin məhkəmə istintaqı aparılır. Cinayət işinin ibtidai istintaqı aparılarkən istintaqın gəldiyi yekun nəticəyə görə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təqsirləndirilən şəxslər tərəfindən 159500 manat ziyan vurulmuş, həmin ziyandan 109000 manat ödənilmiş, qalan 50500 manat ziyan isə təqsirləndirilən şəxslər tərəfindən ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxslərdən Cavabdeh2 ərizə ilə İddiaçı QSC-yə müraciət edərək vurulmuş ziyan məbləğindən ona aid edilən 8339 manat məbləğindən bir hissəsini ödəmiş, qalan 4835 manat hissəsini isə ona vaxt verilməklə 36 ay müddətində ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Tərəflər hazırkı müqavilə əsasında Cavabdeh2 tərəfindən ödənilməmiş qalan 4835 manat borcun ödənilməsi müddəti və şərtləri barədə razılığa gəlirlər. İşdə olan 06 avqust 2019-cu il tarixli, 07-********-dzm nömrəli zaminlik müqaviləsindən görünür ki, iddiaçının Ucar filialı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, kredit təşkilatı ilə Cavabdeh2 arasında 06 avqust 2019-cu il tarixdə bağlanmış ********-dz saylı dəymiş ziyanın hissə-hissə ödənilməsinə dair müqaviləsi əsasında borcalana veriləcək 4835 manat dəymiş ziyanın hissə-hissə ödənilməsinə dair müqavilə ilə əlaqədar olaraq borclu kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək, zaminin borclu ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İşdə olan məlumatdan görünür ki, Cavabdeh2 iddiaçıya 23 oktyabr 2023-cü il tarixinə cəmi 2620 manat borcu vardır. İş materiallarında olan sonuncu xəbərdarlıqdan görünür ki, iddiaçının Ucar filialı tərəfindən 10 gün müddətində pulun ödənilməsi Cavabdeh2 tələb olunmuşdur, əks təqdirdə Ucar Rayon Məhkəməsinə müraciət olunacağı göstərilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2, Ucar şəhəri, M.F.Axundov küçəsi, ev 4-də qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1, Ucar şəhəri, M.F.Axundov küçəsi, ev 4-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə dəymiş ziyanın hissə-hissə ödənilməsinə dair müqavilə və həmin müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır, Cavabdeh2 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı ilə müqavilə (dəymiş ziyanın hissəhissə ödənilməsinə dair) bağladığından borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da borcludan- Cavabdeh2 vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 iddiaçı ilə zaminlik müqaviləsi bağlamaqla borclunun-Cavabdeh2 kreditor-iddiaçı qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və mülki qanunvericiliyin tələbinə görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı və qanunauyğundur, habelə iddia Cavabdeh2 tərəfindən etiraf edilmişdir, odur ki, iddia təmin edilməklə cavabdehlərdən müştərək qaydada 2620 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 46,20 manat, cəmi 2666,20 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2620 (iki min altı yüz iyirmi) manat, habelə ödənilmiş dövlət rüsumuna görə 46 (qırx altı) manat 20 (iyirmi) qəpik, cəmi 2666 (iki min altı yüz altmış altı) manat 20 (iyirmi) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-115/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-115/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver