Məhkəmə qərarları › İş №e-2(063)-119/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-119/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-119/2025 04.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icraatı qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 6509,69 manat əsas, 345,60 manat faiz, 8,22 manat cərimə olmaqla, cəmi 6863,51 manat borcun və ödənilmiş 88,64 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli kredit limiti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdehə 120 ay müddətinə 50 000 manat məbləğində kredit limiti ayırılmış, həmçinin 11 noyabr 2022-ci tarixdə həmin müqavilə əsasında sonuncuya illik 19% ödəmək şərtilə 36 ay müddətinə 366,71 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini kimi eyni tarixdə iddiaçı bankla digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, sözügedən kredit müqaviləsi üzrə 19 fevral 2024-cü il tarixli, 16190***-*******01R nömrəli restrukturizasiya müqaviləsi bağlanılmışdır. Lakin, Cavabdeh2 müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, onun banka kredit müqaviləsi üzrə cəmi 6863,51 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli kredit limiti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdehə 120 ay müddətinə 50 000 manat məbləğində kredit limiti ayırılmış, həmçinin 11 noyabr 2022-ci tarixdə həmin müqavilə əsasında sonuncuya illik 19% ödəmək şərtilə 36 ay müddətinə 366,71 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında 21 oktyabr 2022-ci il və 19 fevral 2024-cü il tarixlərdə zaminlik müqavilələri bağlanmış və bu müqavilələrə görə zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 19 fevral 2024-cü il tarixli, 16190***-*******01R nömrəli restrukturizasiya razılaşmasından görünür ki, tərəflər arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli kredit limiti müqaviləsi üzrə restrukturizasiya müqaviləsi imzalanmışdır. İşdə olan İddiaçı ASC-nin 21 oktyabr 2024-cü il tarixli kredit borcunun faizlərinin və penyanın hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh2 sözügedən müqavilə üzrə İddiaçı ASC-yə 6509,69 manat əsas, 345,60 manat faiz, 8,22 manat cərimə olmaqla, cəmi 6863,51 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan 30 oktyabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən 88,64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 21 oktyabr 2022-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 öz riski ilə kredit müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, 21 oktyabr 2022-ci il tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqaviləsinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh1 əsas borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə iddiaçı bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli kredit limiti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdehə 120 ay müddətinə 50 000 manat məbləğində kredit limiti ayırılmış, həmçinin 11 noyabr 2022-ci tarixdə həmin müqavilə əsasında sonuncuya illik 19% ödəmək şərtilə 36 ay müddətinə 366,71 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini kimi eyni tarixdə iddiaçı bankla digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, sözügedən kredit müqaviləsi üzrə 19 fevral 2024-cü il tarixli, 16190***-*******01R nömrəli restrukturizasiya müqaviləsi bağlanılmışdır. Lakin, Cavabdeh2 müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, 12 aprel 2021-ci il kredit müqaviləsi üzrə cavabdehlərin banka cəmi 6863,51 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 6509,69 manat əsas, 345,60 manat faiz, 8,22 manat cərimə olmaqla, cəmi 6863,51 manat borc və ödənilmiş 88,64 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 6509,69 manat əsas, 345,60 manat faiz, 8,22 manat cərimə olmaqla, cəmi 6863,51 (altı min səkkiz yüz altmış üç manat əlli bir qəpik) manat borc və ödənilmiş 88,64 (səksən səkkiz manat altmış dörd qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar