Məhkəmə qərarları › İş №e-2(063)-1320/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1320/2025

29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1320/2025 29.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icraatı qaydasında Cavabdeh qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 8494,28 manat əsas borcun və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin, eləcə də, ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh "satıcı-kassir" vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra, cavabdeh 28 iyun 2024-cü il tarixdə "administrator" vəzifəsinə vəzifəsinə keçirilmiş, həmçinin onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Lakin, cavabdeh 07 mart 2025-ci il tarixdə işdən azad edilmişdir. Belə ki, Cavabdeh iş vaxtı ərzində, bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu mənada, 05 mart 2025-ci il tarixdə “Oba Bayıl 4” mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, həmçinin həmin tarixdə aparılmış "İnventarizasiya nəticələrinə" dair aktlara əsasən yekun ziyan məbləğinin cəmi 10395,79 manat məbləğində olması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmişdir. Bununla da, Cavabdeh qalıq borcu 8494,28 manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 05 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin, eyni tarixli, 444/İQ nömrəli əmrin çıxarışının, eləcə də həmin tarixli əmək müqaviləsinin surətlərindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan 28 iyun 2024-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin, eyni tarixli, 149 V-d nömrəli əmrin çıxarışının, əmək müqaviləsinə əlavənin, eləcə də həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 05 mart 2025-ci il tarixli, 551 saylı əmrin surətindən və 05 mart 2025-ci il tarixli “Oba Bayıl 4” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, həmin tarixdə müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 10395,79 manat çatışmazlıq müəyyən edilmiş, lakin maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamamışdır. İşdə olan 05 mart 2025-ci il tarixli iltizamnamədən, həmçinin 19 mart 2025-ci il tarixli imtina aktının surətindən görünür ki, 05 mart 2025-ci il tarixdə keçirilmiş inventarizasiya zamanı maddi məsul şəxs Cavabdeh iştirak etmiş, inventarın sayımı və müqayisəli yoxlamanın miqdarı ilə razılaşmış, lakin, o, araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskik gəlmələrin (10395,79 manat) yaranması səbəbləri barədə izahat verməmişdir. İşdə olan 07 mart 2025-ci il tarixli, 43-x nömrəli əmrdən çıxarışın, eləcə də eyni tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətinə əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə görə xitam verilmişdir. İşdə olan 21 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə əlaqədar inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq, onun hesabında 10395,79 manat çatışmazlıq müəyyən edilmiş, həmçinin çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 8494,28 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, 21 iyul 2025-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan ümumi borcu 8494,28 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarının surətlərindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, "xxxx" MMC ilkin mediasiya qurumuna müraciət edən zaman 60 manat məbləğində mediasiya xərci, məhkəməyə müraciət edərkən isə 55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, 05 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh bu tarixdən "xxxx" MMC-yə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra, o, 28 iyun 2024-cü il tarixli əmrlə həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin eyni tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Sonradan, 05 mart 2025-ci il tarixdə, “Oba Bayıl 4” filialında keçirilmiş inventarizasiya zamanı 10395,79 manat zərər aşkar edilərək, bu barədə akt tərtib olunmuş, bundan əlavə Cavabdeh inventarizasiya prosesində iştirak etmiş, inventarın sayımı və müqayisəli yoxlamanın miqdarı ilə razılaşmış, lakin, o, araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskik gəlmələrin (10395,79 manat) yaranması səbəbləri barədə izahat verməmişdir. Bundan sonra, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 07 mart 2025-ci il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. İnventarizasiya zamanı aşkar edilmiş zərərin 10395,79 manat təşkil etməsinə baxmayaraq, iddiaçı MMC tərəfindən güzəşt olunmaqla, cavabdehin ümumi borcu 8494,28 manat müəyyən edilmişdir. Qeyd edilən məbləğin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilsə də, sonuncu edilmiş xəbərdarlığa məhəl qoymamış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh "xxxx" MMC-nin “Oba Bayıl 4” filialı üzrə administrator işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə 8494,28 manat məbləğində zərər vurmuşdur. Buna görə də, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 8494,28 manat məbləğində əsas borc, 60 manat məbləğində mediasiya xərci və ödənilmiş 55 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 8494,28 (səkkiz min dörd yüz doxsan dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 60 (altmış) manat məbləğində mediasiya xərci və ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar