Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1331/2025 15.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7227,6 manat əsas, 1131,03 manat faiz, 164,39 manat cərimə borcu olmaqla, cəmi 8523,02 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 105,64 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2024-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və 03 aprel 2024-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 36 ay müddətinə illik 26 faiz ödəmək şərtilə 9100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli, təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 24 sentyabr 2025-ci il tarixinə iddiaçıya 7227,6 manat əsas, 1131,03 manat faiz, 164,39 manat cərimə borcu olmaqla, cəmi 8523,02 manat borcu yaranmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib ərizədə mülki iş üzrə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərmiş və məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2024-cü il tarixli, 495mieMNG/24-EM nömrəli əsas kredit müqaviləsindən və həmin tarixli əlavə kredit müqaviləsindən görünür ki, borcverən-iddiaçı ilə borcalan-Cavabdeh1 36 ay müddətinə, 03 aprel 2027-ci il tarixinədək illik 26 faiz ödəmək şərtilə, 0 ay güzəşt müddəti ilə 9100 manat məbləğində krediti boralanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit ödənişinin aylıq məbləği və aylıq müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur. Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kredit alan kredit ödənişini gecikdirdikdə gecikdirilmiş kreditə görə, hər gecikdirilən gün üçün (kredit müqaviləsinin şərtlərinə uyğun olaraq) gecikdirilmiş kreditin əsas borc məbləğinin 0,5 faizdən 1 faizədək miqdarında cərimə ödəyir. İşdə olan 03 aprel 2024-cü il tarixli, 495mieMNG/24 nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditor-iddiaçı ilə borclu-Cavabdeh1, habelə zaminlər- cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, zamin borclunun kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əsas borc məbləğinin, hesablanmış faizlərin və cərimənin (dəbbə pulu), borcun tutulması üzrə məhkəmə xərclərinin və digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdə olan iddiaçının 24 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 24 sentyabr 2025-ci il tarixinə kredit müqaviləsi üzrə iddiaçıya əsas məbləğ üzrə borcu 7227,60 manat, faiz üzrə borcu 1131,03 manat, cərimə faizləri 164,39 manat, cəmi 8523,02 manat təşkil edir. İşdə olan 08 iyul 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 banka olan bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh1, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh2, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh3, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 azad surətdə və şərtlərini müəyyənləşdirməklə əsas və əlavə kredit müqavilələri bağlamışlar, müqavilələrdə tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, borclu-Cavabdeh1 kreditor-iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə əsas və əlavə kredit müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır və iddiaçının kreditor kimi borcludan-cavabdehdən Cavabdeh1 vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi iddiaçı ilə zaminlik müqavilələri bağlamaqla borclu Cavabdeh1 kreditor qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə də borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105,24 manat dövlət rüsumu və 0,40 manat bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğun olduğundan təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 7227,60 manat, faiz borcuna görə 1131,03 manat, cəriməyə (dəbbə puluna) görə 164,39 manat və ödənilmiş dövlət rüsumuna görə 105,24 manat bankın xidmət haqqına görə 0,40 manat, cəmi 8628,66 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə əsas borca görə 7227 (yeddi min iki yüz iyirmi yeddi) manat 60 (altmış) qəpik, faiz borcuna görə 1131 (bir min yüz otuz bir) manat 03 (üç) qəpik, cəriməyə (dəbbə puluna) görə 164 (bir yüz altmış dörd) manat 39 (otuz doqquz) qəpik, ödənilmiş dövlət rüsumuna görə 105 (bir yüz beş) manat 24 (iyirmi dörd) qəpik və bankın xidmət haqqına görə 40 (qırx) qəpik, cəmi 8628 (səkkiz min altı yüz iyirmi səkkiz) manat 66 (altmış altı) qəpik məbləğində pul tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-1331/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1331/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver