Məhkəmə qərarları › İş №e-2(063)-137/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-137/2025

07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-137/2025 07.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı maddi ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3331,87 manat və mediasiya xərci kimi ödənilmiş 55 manat məbləğin cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 mart 2021-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 10 fevral 2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmış, 13 dekabr 2022-ci il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 25 noyabr 2022-ci il tarixində iddiaçının “OBA NZS 5” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, 25 noyabr 2022-ci il tarixdə “inventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 4513,19 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3331,87 manat borc qalmışdır. Beləliklə, cavabdehin hal-hazırda iddiaçıya ümumilikdə 3331,87 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri tam olaraq təsdiq etdiyini bildirdi. Əlavə olaraq izahatında göstərdi ki, inventarizasiya keçirilmiş, cavabdeh inventarizasiyanın nəticələri ilə tanış olmuş və imzalamışdır. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi ilə tanış olmuş, ərizə ilə razı deyildir, bundan əvvəl də məhkəmə iclası keçirilmiş və mediasiya prosesi olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini, bildirdi və izahatında iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə etdiyini və ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Ərizədə göstərilmişdir ki, iddia ərizəsində qeyd olunduğu kimi cavabdeh 13 dekabr 2022-ci ildə əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 5-ci hissəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Yxarıda qeyd olunanları nəzərə alraq iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan xxxxxxx000300 nömrəli, 12 mart 2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə 12 mart 2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, Cavabdeh həmin tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 12 aprel 2021-ci il göstərilmişdir. İş materiallarında olan xxxxxxx000303 nömrəli, 10 fevral 2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 10 fevral 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan 10 dekabr 2022-ci il tarixdə təsdiq edilmiş “Aktivlər üzrə inventarizasiya nəticələrinə” dair “OBA-NZS 5” mağazasında 10 iyun 2022-ci il və 25 noyabr 2022-ci il tarixli inventarizasiya siyahısı ilə aparılmış yoxlamanın nəticələri barədə aktdan görünür ki, 10 iyun 2022-ci il və 25 noyabr 2022-ci il, 168 günü əhatə edən yoxlama dövrü üçün 3073 manat çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan xxxxxxx0003X0 nömrəli, 13 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 677 nömrəli, 13 dekabr 2022-ci il tarxli əmrlə Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 18 aprel 2023-cü il tarixli, DN-2080 nömrəli xəbərdarlıqdan görünür ki, 3 gün müddətdə borcun cəmiyyətə ödənilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 avqust 2023-cü il tarixli arayışdan görünür ki, mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xərci və poçt-kargüzarlığa görə 55 manat İddiaçı MMC tərəfindən ödənilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Ramal kəndində qeydiyyatdır. Ucar Rayon Məhkəməsinin e-2(063)-455/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanması, iş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olmasının izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin birinci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinin birinci hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 194-cü maddəsinin birinci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin ikinci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin birinci hissəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh 12 mart 2021-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və 10 fevral 2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İddiaçı öz tələbində iddiaçının əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3331,87 manat, mediasiya xərci kimi ödənilmiş 55 manat məbləğin cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin beşinci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir; birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür-ümumi və xüsusi; ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil, xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısadılmış və ya uzadılmış ola bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı olan cəmiyyət tərəfindən 25 noyabr 2022-ci il tarixdə aparılmış inventarizasiya nəticələrinə dair yekun akt tərtib olunmuşdur. 13 dekabr 2022-ci ildə cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 12 iyun 2023-cü ildə mediasiya təklifi göndərilmiş və 08 avqust 2023-cü ildə mediasiya prosesi keçirilmişdir. İddiaçı iddia ərizəsi ilə 05 mart 2024-cü ildə məhkəməyə müraciət etmiş və məhkəmənin yuxarıda qeyd olunan 19 noyabr 2024-cü il tarixli qəraradadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı yenidən iddia ərizəsi ilə 21 noyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da müəyyən olunur ki, qanunvericiliyin hazırkı tələb üzrə iddia müddəti keçmişdir, iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən ərizə verilmişdir, buna görə də iddia təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş mediasiya xərci də iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar