Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-138/2025 03.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icraatı qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 2205 manat əsas, 1446 manat faiz olmaqla, cəmi 3651 manat borcun və 56,51 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli, 68 MZ saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 27% olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, həmçinin kreditin təminatı olaraq, digər Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu, eləcə də həmin borca əsasən hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürsə də, o, müqavilənin şərtlərinə əməl etməmiş, nəticədə, iddiaçı BOKT-a cəmi 3651 manat borcu yaranmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dələlərlə müraciət olunmasına, BOKT tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamış, həmçinin cavabdehlərə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 versə də, sonuncu kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh1 öz öhdəliyini icra etməməsi nəticəsində "Aqrarkredit” QSC BOKT-a zərər vurmuşdur. Bu isə cavabdehlərin kredit təşkilatı qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun, eyni məzunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli, 68MZ nömrəli kredit müqaviləsinin surətindən müəyyən edilir ki, Bank tərəfindən Cavabdeh1 illik 27% olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialı arasında müvafiq olaraq bağlanmış eyni tarixli və nömrəli zaminlik müqaviləsinə əsasən borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. İşdə olan 11 sentyabr 2015-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialı tərəfindən Cavabdeh1 3000 manat məbləğində pul verilmişdir. İşdə olan xəbərdarlıq və pretenziyaların surətlərindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar BOKT İddiaçı QSC tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2025-ci il tarixli, 9/2098 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, eləcə də, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatlarına əsasən 11 sentyabr 2015-ci il tarixli, 68MZ nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına olan kredit borcu əsas məbləğ üzrə 2733,99 manat, faiz üzrə 329,82 manat həcmində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 23 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə müraciət edərkən 56,51 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Bununla belə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin hesablanması və borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cümlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 11 sentyabr 2017-ci il tarixində bitmişdir. İddiaçı isə müqavilə müddətinin bitməsindən 7 ildən çox müddət keçdikdən sonra borcluya qarşı pul tələbi (faiz borcu) irəli sürmüşdür. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizin davamlı olaraq hesablanması və borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən Cavabdeh1 qarşı iddia tələbi qismən, kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz borcu hissəsində təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, borclunun müqavilə müddətinin bitdiyi günə qalıq faiz borcu 329,82 manat təşkil etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Məhkəmə yuxarıda şərh olunanlara əsasən izah edir ki, iddianın qismən təmin olunması borclunun icranı gecikdirməsinə görə kreditora dəymiş zərərin mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla tələb olunması hüququnu istisna etmir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və kredit müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi 11 sentyabr 2015-ci il tarixində bağlanmış, habelə kredit müqaviləlsinin qüvvədə olma müddəti əsas öhəliklərin tam icra olunma vaxtı ilə müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqaviləsində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zamin üzərlərinə götürdüyü öhdəliki icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh2 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı cavabdehə illik 27% olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində vermişdir. Müqaviləyə əsasən Cavabdeh1 müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, kredit üzrə cavabdehin iddiaçı BOKT-a 2205 manat əsas, 329,82 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 2205 manat əsas, 329,82 manat faiz olmaqla, cəmi 2534,82 manat borc və ödənilmiş 56,51 manat məbləğində dövlət rüsumunun 80,24%-i, yəni 45,34 manatı tutularaq ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 19,76%-i, yəni 19,76 manatı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından, 80,24%-i, yəni 80,24 manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 2205 manat əsas, 329,82 manat faiz olmaqla, cəmi 2534,82 (iki min beş yüz otuz dörd manat 82 qəpik) manat borc və ödənilmiş 56,51 manat məbləğində dövlət rüsumunun 80,24%-i, yəni 45,34 (qırx beş manat 34 qəpik) manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 19,76%-i, yəni 19,76 (bir on doqquz manat 76 qəpik) manatı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından, 80,24%-i, yəni 80,24 (səksən manat 24 qəpik) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-138/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-138/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver