Məhkəmə qərarları › İş №e-2(063)-1393/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1393/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1393/2025 21.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı X3-Bank Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, cavabdehdən əsas borc üzrə 1916,97 manat, faiz borcuna görə 38,43 manat, cəmi 1955,40 manat məbləğində borcun və 39,56 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli, **********0433 saylı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1916,97 manat qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1,65 manat, dörd il müddətində isə hər ay 40,77 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqaviləni imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 06 oktyabr 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin əsas borc üzrə 1916,97 manat, faiz borcuna görə 38,43 manat, cəmi 1955,40 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. MPM-in 149.2.3-cü maddəsinin tələbinə müvafiq olaraq tələbin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: kredit (restrukturizasiya) müqaviləsi; maliyyə arayışı; pretenziya məktubu. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəsilə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 31 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində, tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair, qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 05 noyabr 2025-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 15 noyabr 2019-cu il tarixli, **********0433 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən kredit verən-iddiaçı kredit alanacavabdehə sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1916,97 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1916,97 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o, cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İşdə olan 06 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 1916,97 manat əsas, 38,43 manat faiz, cəmi 1955,40 manat qalıq borcu vardır. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 25 sentyabr 2025-ci il tarixli xəbərdarlıqda kredit müqaviləsinə əsasən ümumilikdə 1955,40 məbləğində borcunun olduğu, həmin məbləği ən qısa müddət ərzində tamamilə ödənilməsi tələb edildiyi, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutaraq borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər göruləcəyi göstərilmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə güzəştli kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır, cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə güzəştli kredit (restrukturizasiya) müqaviləsi bağladığından borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 39,56 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 1916,97 manat, faiz borcuna görə 38,43 manat və ödənilmiş dövlət rüsumuna görə 39,56 manat, cəmi 1994,96 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 1916 (bir min doqquz yüz on altı) manat 97 (doxsan yeddi) qəpik, faiz borcuna görə 38 (otuz səkkiz) manat 43 (qırx üç) qəpik və ödənilmiş dövlət rüsumuna görə 39 (otuz doqquz) manat 56 (əlli altı) qəpik, cəmi 1994 (bir min doqquz yüz doxsan dörd) manat 96 (doxsan altı) qəpik məbləğində pul tutularaq İddiaçı X3-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar